Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsi XX əsrin ən qanlı və eyni zamanda ən şərəfli səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı şəhərində və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz nəticəsində yüzlərlə günahsız insan amansızlıqla qətlə yetirilmiş, minlərlə şəxs yaralanmışdır. Bu faciə Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin qanlı, lakin qürurverici mərhələsi kimi tarixə düşmüşdür.
Hələ 1980-ci illərin
sonlarında SSRİ-də baş verən ictimai-siyasi proseslər, milli azadlıq hərəkatlarının
güclənməsi və Azərbaycan xalqının öz müqəddəratını təyin etmək istəyi mərkəzi
sovet hakimiyyətini ciddi narahat edirdi. Xalqın legitim tələblərini dinc
yollarla ifadə etməsinə baxmayaraq, totalitar rejim bu istəklərə zorakılıqla
cavab vermiş, Bakıya və digər şəhərlərə fövqəladə vəziyyət elan edilmədən
çoxsaylı hərbi qüvvələr yeridilmişdir.
Sovet
ordusunun tanklar, zirehli texnika və ağır silahlarla həyata keçirdiyi əməliyyatlar
nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə günahsız insanlar qətlə yetirilmişdir. Bu
hadisələr beynəlxalq hüququn, insan haqlarının və humanitar dəyərlərin kobud şəkildə
pozulması idi.
20 Yanvar
hadisələrinə ilk dəfə açıq və qəti siyasi-hüquqi qiymət verən Ümummilli Lider
Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın
daimi nümayəndəliyində çıxış edərək, sovet rəhbərliyinin törətdiyi bu qanlı
cinayəti kəskin şəkildə pisləmiş və hadisəyə hüquqi-siyasi qiymət vermişdir. Məhz
Ulu Öndərin təşəbbüsü ilə 1990-cı
il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Daha sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis
səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin qəbul etdiyi Qərarda, o cümlədən
20 yanvar faciəsinin günahkarları konkret qeyd olunmuşdur və bu qanlı aksiya Azərbaycanda milli
azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar
kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, həmçinin Bakı şəhərində xatirə kompleksinin
yaradılması tapşırılmışdır.
Ulu Öndər
Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri
adı təsis edildi. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan
Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı
ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr
zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş
şəxslər (ölümündən sonra) təltif olunurlar. Fəxri ad Azərbaycan Respublikası
Prezidentinin sərəncamı əsasında verilir. Bu gün də həmin Fəxri adla təltif olunanların ailə üzvləri
qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan
istifadə edirlər.
Ümummilli Lider Heydər Əliyevdən sonra onun siyasi
kursunun layiqli davamçısı olan Prezident cənab İlham
Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin
həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsü
ilə Şəhidlər
Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal
rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin
kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi
ucaldılmışdır.
Bundan başqa, Prezident İlham
Əliyevin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən,
şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə
görə pensiya və ya müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına
görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də ödənilir.
Beləliklə, 20 Yanvar
şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən hər il dərin ehtiramla yad
edilir. Şəhidlər Xiyabanı milli müqəddəslik məkanına çevrilmiş, azadlıq uğrunda
canından keçənlərin əziz xatirəsi daim uca tutulmuşdur. Bu gün Azərbaycan dövləti
şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərir, onların sosial müdafiəsi
dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
20 Yanvar
– Ümumxalq Hüzn Günü Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur
günüdür. Bu gün biz azadlıq yolunda şəhid olmuş həmvətənlərimizi dərin hüzn və
ehtiramla anır, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. 20 Yanvar şəhidlərinin
qanı bahasına əldə edilən müstəqillik bu gün güclü, suveren və qalib Azərbaycanın
əsas dayaqlarından biridir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı