Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Tərtər rayonunda səfərdə olub
Manset.az xəbər verir ki, səfər çərçivəsində Bilal Ərdoğan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Daha sonra rayon rəhbəri ilə birlikdə Tərtər şəhəri, Elman Səfərov küçəsində Sahib İsmayılova məxsus, erməni separatçıları tərəfindən atılmış "Smerç" raketi nəticəsində dağıdılmış açıq hava şəraitində fəaliyyət göstərən ev-muzeyinə baxış keçirilib.
Ekskursiya zamanı rayon icra hakimiyyətinin başçısı qonaqlara 44 günlük Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin raket və artilleriya hücumları nəticəsində dinc əhaliyə və mülki infrastruktura vurulmuş ağır ziyan barədə ətraflı məlumat verib.
Səfər zamanı Bilal Ərdoğan dinc əhaliyə qarşı törədilmiş bu dağıntıların və faciələrin dərin təəssüf doğurduğunu bildirib, Azərbaycan xalqına və Tərtər sakinlərinə həmrəylik və dəstək ifadə edib. Səfər xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.