"Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir dünyanın necə işlədiyini və Azərbaycanın bu reallıqlar içində öz yerini necə tapdığını açıq şəkildə göstərir. Bu müsahibə sadəcə mövqelərin ifadəsi deyil, həm də yeni beynəlxalq münasibətlər sisteminə verilən siyasi diaqnozdur".
Bunu Manset.az-a Milli Məclisin deputatı Vasif Qafarov deyib. O qeyd edib ki, bu gün beynəlxalq hüququn hamı üçün eyni dərəcədə işləmədiyi reallığını artıq gizlətmək mümkün deyil:
"Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dünya “qanunun aliliyi” mərhələsindən “güc qaydası” mərhələsinə keçib. Azərbaycan isə bu reallıqda nə emosiyalara, nə də avantüraya qapılmadan, milli maraqlarına əsaslanan, eyni zamanda beynəlxalq hüquqa söykənən yol seçib. Məhz bu yanaşma ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinə imkan verib.
Cənab
Prezidentin müsahibəsinin ən diqqətçəkən məqamlarından biri sülhlə bağlı
mesajlardır. Uzun illər münaqişə və müharibə yaşamış bir regionda sülhün gündəlik
həyat norması kimi formalaşmağa başlaması tarixi hadisədir. Azərbaycan sülhü
yalnız bəyanatlarla deyil, konkret addımlarla möhkəmləndirir. Prezident İlham
Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Cənubi Qafqazda
uzun illər davam etmiş münaqişədən sonra sülhün təmin olunması istiqamətində
Azərbaycanın göstərdiyi səylərə verilən beynəlxalq qiymət kimi
dəyərləndirilməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlər tədricən
əməkdaşlıq müstəvisinə keçməkdədir. Bu çərçivədə Ermənistan istiqamətində
yükdaşımalarla bağlı məhdudiyyətlər aradan qaldırılıb, habelə əsas məhsulların,
o cümlədən neft məhsullarının təchizatına başlanılıb. Bu proses regionda
etimadın möhkəmlənməsinə və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına
xidmət edir".
Onun sözlərinə görə, enerji məsələsində Azərbaycan artıq təkcə istehsalçı yox, regional enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir:
"Avropanın qaz təchizatında Azərbaycanın rolu getdikcə artır. Geniş ixrac coğrafiyası, müasir boru kəmərləri və etibarlı tərəfdaş imici Azərbaycanı qlobal enerji xəritəsində mühüm aktora çevirir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən əsas amillərdən biridir.
Avropa Parlamenti ilə münasibətlərə dair sərt mövqe isə Azərbaycanın öz
siyasi xəttini müdafiə etmək əzmini göstərir. Azərbaycan ikili standartlara
reaksiya verməkdən imtina edir. Bu, emosional deyil, maraqlara əsaslanan
diplomatiyadır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Davosda “Euronews”
televiziyasına verdiyi müsahibə Azərbaycanın artıq proseslərin obyektinə deyil,
subyektinə çevrildiyini nümayiş etdirir. Ölkə regional gücdən daha geniş siyasi
çəkisi olan aktora çevrilir. Sülh, enerji və sabitlik üzərində qurulan bu
siyasət Azərbaycanın yeni dövrdə əsas üstünlüyü kimi çıxış edir".