"Gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir"

12:36 - 02 Fevral 2026

\"Gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir\"

"2 Fevral Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, gələcəyə inamın rəmzidir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən təsis edilmiş və həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd olunmağa başlanmışdır".


Bunu Manset.az-a Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə,Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırır, onların fiziki cəhətdən sağlam, yüksək bilik və şüura, yüksək əxlaq və tərbiyəyə malik olmasını dövlətin əsas məqsədlərindən biri kimi dəyərləndirirdi: "“Bizim xalqımızın gələcəyi gənclərdir… Gənclər gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və gənclərlə iş sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, eləcə də təşkilati-hüquqi əsaslarını müəyyən etdi.

Uğurlu təcrübələrin davam etdirilməsi və inkişafı bu siyasətin mühüm tərkib hissəsi oldu. Gənclərin xaricdə təhsil alması ənənəsi bərpa edildi, minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ölkələrində təhsil alması təmin olundu, istedadlı gənclərin təhsilə marağını artırmaq üçün ali məktəblərə yüksək balla qəbul olunan gənclərə “Prezident təqaüdü” verilməsi təşəbbüsü irəli sürüldü.

Gənclərin təşkilatlanması və ictimai proseslərdə fəallığının artırılması məqsədilə Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı və ilk forumda gənclər qarşısında tarixi bir vəzifə qoyuldu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

İstedadlı gənclərə dövlət qayğısının institusional əsaslarla təmin edilməsi məqsədilə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman imzalandı, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edildi və bu kitaba adı yazılan gənclər üçün xüsusi təqaüd müəyyən olundu. Gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalandı, tədbirlər planı təsdiq edildi və gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. Daha sonra “Gənclər siyasəti haqqında” Qanun qəbul edilərək bu sahənin hüquqi əsasları müəyyənləşdirildi.

Ulu Öndərin gənclər siyasətində vətənpərvərlik amili xüsusi yer tuturdu. O, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini vurğulayaraq gənclərin bu müstəqilliyi qorumağı və möhkəmləndirməyi özlərinin əsas vəzifəsi hesab etməli olduqlarını bildirirdi. Eyni zamanda, hərbi xidmətin gəncin vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını qeyd edir, orduda xidmət etməyi müqəddəs borc və şərəfli vəzifə kimi dəyərləndirirdi".

Deputat qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir:

"Dövlət gənclərə ən yüksək diqqət və qayğı göstərərək onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır. Prezident İlham Əliyev gənclərin imkanlarının daha geniş olduğunu vurğulayaraq onların bu imkanlardan səmərəli istifadə etməli olduqlarını bildirir: “İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər… Gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək, həm də dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.”

Dövlətin gənclərə dəstək və diqqətinin nəticəsi olaraq gənclər arasında özünəinam güclənir, onların potensialının gerçəkləşməsi, savadlı kadr kimi yetişməsi və sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. “Gənclər ili”nin elan olunması, “Gənclər evi” şəbəkəsinin genişləndirilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi və müxtəlif dövlət proqramları bu siyasətin bariz nümunələridir.

Vətən müharibəsi dövründə gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsinin ön cəbhəsində fəallıq göstərərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və müstəqil Azərbaycanın gücünü bir daha nümayiş etdirdi".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az