İlham Əliyev Əbu-Dabidə həmkarı ilə görüşdü - FOTOLAR

20:06 - 02 Fevral 2026

İlham Əliyev Əbu-Dabidə həmkarı ilə görüşdü - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.


Manset.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.

Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunulub, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirilib və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az