2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi müasir beynəlxalq münasibətlər tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi təkcə bir dövlət başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın sülhə, dialoqa və insan qardaşlığı ideallarına verdiyi töhfənin yüksək səviyyədə tanınmasının bariz nümunəsi oldu.
Prezident İlham Əliyev mükafatın təqdimetmə mərasimindəki çıxışında ilk növbədə bu ali mükafata görə münsiflər heyətinə dərin minnətdarlığını bildirdi. O, vurğuladı ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan mükafata layiq görülmək böyük şərəfdir. Şeyx Zayed uzaqgörənliyi, müdrik rəhbərliyi və humanist baxışları ilə qısa zaman ərzində BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirən nadir liderlərdən olub. Onun qoyduğu irs bu gün də regionda və dünyada sülh, sabitlik və qarşılıqlı hörmətin təşviqinə xidmət edir.
Dövlət başçısı qeyd etdi ki, bu siyasi və mənəvi irs hazırda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən uğurla davam etdirilir. Birləşmiş Ərəb Əmirlikləri bu gün öz tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, müasir inkişaf modeli, multikultural mühiti və sülh şəraitində yaşayan cəmiyyəti ilə bir çox ölkələr üçün nümunə təşkil edir. Burada müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların harmoniyada birgə yaşaması insan qardaşlığı ideyasının praktik təcəssümüdür.
Prezident İlham Əliyev çıxışında dinlərarası dialoqun və sivilizasiyalararası anlaşmanın xüsusi əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Papa Leoya dərin minnətdarlığını bildirdi. Onların, həmçinin digər dövlət başçılarının bu mərasimə ünvanladıqları müraciətlərdə Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətinin xüsusi qeyd olunması beynəlxalq ictimaiyyətin bu prosesə verdiyi dəstəyin açıq ifadəsi kimi qiymətləndirildi.
Dövlət başçısı xatırlatdı ki, Azərbaycan 30 ildən artıq müddətdə müharibə şəraitində yaşamış, bu dövr ağır humanitar nəticələr və dərin qarşılıqlı etimadsızlıqla müşayiət olunmuşdur. Lakin artıq altı aydır ki, regionda sülh şəraiti hökm sürür. Prezidentin sözlərinə görə, müstəqillik əldə edildikdən sonra Azərbaycan ilk dəfədir ki, real və dayanıqlı sülh mühitində yaşamağı öyrənir və bu proses sürətlə davam edir.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Vaşinqton Zirvə Görüşünün əhəmiyyətini xüsusi vurğuladı. 2025-ci il avqustun 8-də keçirilən üçtərəfli Zirvə Görüşü nəticəsində Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, Birgə Bəyannamə imzalanıb və Prezident Donald Tramp şahid qismində bu sənədə imza atıb. Bununla da üç onillikdən artıq davam edən qanlı münaqişəyə son qoyulub. Prezident İlham Əliyev sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə ABŞ Prezidentinə xüsusi minnətdarlığını bildirdi.
Vaşinqton Sammitindən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş dövrü kimi xarakterizə olundu. Bu müddət ərzində Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq addımları atılıb. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına başlanılıb. Ticarət əlaqələrinin genişləndirilməsi, siyasi dialoqun davam etdirilməsi və gələcək addımların müzakirəsi sülhün praktik əsaslar üzərində qurulduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, uzunmüddətli münaqişəyə, böyük əzablara və dərin qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt hər iki tərəfdə güclü siyasi iradənin mövcudluğu və bu prosesin dost ölkələr, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsidir. Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar hələ də müharibə şəraitində olan regionlar üçün nümunə və yol xəritəsi ola bilər.
Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi həm də xüsusi rəmzi məna daşıyır. Çünki Azərbaycan və Ermənistan arasında son danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz bu şəhərdə baş tutub. Prezident İlham Əliyev tərəfindən əziz qardaş kimi dəyərləndirilən Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılıq burada əldə edilib, daha sonra isə Vaşinqtonda rəsmiləşdirilib. Bu fakt Əbu-Dabini regional sülh tarixində mühüm bir mərkəzə çevirir.
Bütün bu proseslər bir daha sübut edir ki, sülhə aparan yol çətin və mürəkkəb olsa da, ardıcıl siyasi iradə, güclü və məsuliyyətli liderlik və beynəlxalq həmrəylik şəraitində real nəticələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh təşəbbüsləri regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına, eləcə də insan qardaşlığı, qarşılıqlı hörmət və etimad prinsiplərinin möhkəmlənməsinə xidmət edir. Əldə olunan razılaşmalar, atılan praktiki addımlar və qurulan əməkdaşlıq mexanizmləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməli, hazırda münaqişə yaşayan digər regionlar üçün nümunə kimi təqdirəlayiq hesab edilməlidir.
Vasif Qafarov
Milli Məclisin deputatı