Fevralın 6-da Bakı Hərbi
Məhkəməsində Ermənistan vətəndaşları üzərində yekunlaşan məhkəmə prosesi və
çıxarılan qərar təkcə ayrı-ayrı cinayətkarların cəzalandırılması deyil, bu hadisə
tarix, hüquq və beynəlxalq ədalət baxımından əsl dönüş nöqtəsidir.
Uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan
xalqına qarşı törədilmiş ağır cinayətlər - soyqırımı, müharibə cinayətləri, sülh və insanlıq əleyhinə
cinayətlər, habelə terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi
əməllər beynəlxalq səviyyədə ya görməzdən
gəlinib, ya da siyasi ikili standartların qurbanına çevrilib. Bu gün isə Azərbaycan dövləti göstərdi ki, ədalət
gecikə bilər, amma itə bilməz.
Bu məhkəmə prosesi revanşizm deyil, qisas deyil. Bu, hüququn aliliyinin bərpasıdır.
Bu, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və Nürnberq
prinsiplərinin milli hüquq müstəvisində tətbiqinin real nümunəsidir.
Bu, hökm “Xocalıya ədalət” deyə onilliklərdir dünyaya səslənən bir millətin səsinin
nəhayət eşidildiyi an və Xocalı soyqırımına görə insanlığın alnındakı qara
ləkənin silindiyi tarixi məqamdır.
Xüsusilə qeyd etmək istəyirəm ki, hökm oxunan şəxslər yalnız fərdi
cinayətlərə görə deyil, təşkilatlanmış,
planlı və sistemli hərbi təcavüzün və beynəlxalq cinayətlərin icraçıları və
ideoloqları kimi məsuliyyətə cəlb olunublar. Onların törətdiyi
əməllər bir xalqın tarixinə, mövcudluğuna və ləyaqətinə qarşı yönəlmişdi.
Ən önəmli məqam isə budur
ki, bu məhkəmə prosesində nə etnik mənsubiyyətə, nə də siyasi baxışlara
görə hökm çıxarıldı. Hökm əməllərə,
faktlara və sübutlara əsaslandı.
Bu qərar eyni zamanda beynəlxalq ictimaiyyətə açıq mesajdır:
1.
Müharibə
cinayətləri zaman tanımır.
2. Siyasi himayə cinayət məsuliyyətindən azad etmir.
3.
Qurbanların
haqqı sonsuzluğa qədər tapdana bilməz.
Sonda onu da vurğulamaq istəyirəm ki, Ermənistan vətəndaşlarının törətdikləri cinayət əməllərinə görə cavab vermələri nə nifrət yaradır, nə də yeni qarşıdurma. Əksinə, ədalət üzərində qurulan sülhün mümkün olduğunu göstərir. Davamlı sülh yalnız həqiqətin tanınması və cinayətin cəzasız qalmaması ilə mümkündür.
Azay Quliyev