Dünən, fevralın 12-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimailəşdirilən materiallar Azərbaycan dövlətçiliyinə qarşı uzun illər ərzində planlı, sistemli və xaricdən idarə olunan təhlükəli bir xəyanət şəbəkəsini dəlil və sübutlarla ifşa etdi.
Açıqlanan təkzibedilməz sübutlar göstərir ki, Ramiz Mehdiyev, Abbas Abbasov, AXCP sədri Əli Kərimli, eləcə də Fuad Qəhrəmanlı, Qənimət Zahidov, Məmməd İbrahim və digərləri xarici ölkənin, konkret olaraq Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda dövlət hakimiyyətini zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişmək məqsədilə cinayət sövdələşmələrinə giriərək dövlətə xəyanət etmişlər. 2012-ci ildə Rusiyada qeydiyyata alınmış və “Milyarderlər İttifaqı” adı ilə tanınan qurumun yaradılması, 2013-cü ildə isə “Demokratik Qüvvələrin Milli Şurası” adlı qurumun təsis olunması isə bu xəyanət planın təşkilatlanmış forması idi. Məkrli planlarını işə salmaq üçün onlara ölkədə kütləvi iğtişaşlar törətmək və dövlət institutlarını iflic vəziyyətinə salmaq lazım idi.
Bu məqsədlə ilkin olaraq 933 min manatdan artıq vəsaitin müxtəlif vaxtlarda Fuad Qəhrəmanlı vasitəsilə Əli Kərimliyə ötürülməsi faktı DTX-nin açıqladığı video materiallarla sübut olunur.

Daha sonra gizli məktublarla Rusiya rəhbərliyindən hakimiyyət çevrilişinə dəstək istənilməsi, Əli Kərimlinin hakimiyyətə gələcəyi halda Azərbaycanın KTMT-yə üzv ediləcəyinə dair Qəniməd Zahidov tərəfindən Kərimlinin adından vədlərin verilməsi Mehdiyev-Kərimli cütlüyünün cılız ambisiyaları naminə milli maraqları necə satdığını göstərir. 2013-cü ildə uğursuzluğa düçar olmalarına baxmayaraq, bu cütlük çevriliş hazırlıqlarını 2020-ci ilə, növbəti həmləyə qədər davam etdiriblər. Görünür, 2020-ci ilin iyul hadisələri ərəfəsində xəyanət şəbəkəsinin xaricdəki himayədarları Azərbaycanın torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını yaxşı bilirdilər. Bu səbəbdən, iyulun 14-dən 15-nə keçən gecə orduya dəstək məqsədilə keçirilən yürüş-mitinqdən sui-istifadə edilərək təxribatçı qruplar vasitəsilə Milli Məclisin və AzTV-nin inzibati binalarını ələ keçirmək barədə onlara təlimat verilir və bunu hadisənin təşkilatçılarından olan Fuad Qəhrəmanlı həmin günlərdə istintaqa verdiyi açıqlamada etiraf edib. Məqsəd dövlət institutlarını və sonradan da hakimiyyəti zorla ələ keçirməklə torpaqların azad edilməsinə mane olmaq, Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və strateji maraqlarını Rusiya və Ermənistana güzəştə getmək olub.
Ən iyrənci isə odur ki, Ramiz Mehdiyev Azərbaycan xalqının tarixi Zəfərindən sonra da vətənə xəyanət niyyətindən və hakimiyyət hərisliyindən əl çəkməyib, 2025-ci ilin sentyabr və oktyabr aylarında hazırladığı və Əli Kərimli ilə razılaşdırdığı yeni dövlət çevrilişi planını Rusiya xüsusi xidmət orqanlarına təqdim edib.

Yaxşı ki, DTX bütün bunların hamısını dəlil və sübutlarla vaxtında ifşa edə bildi.Lakin bu zavallılar ya xarici ağalarına çox güvəndikləri, ya da ağıllarını itirdikləri üçün bir məsələni, Azərbaycan dövlətinin və Prezidentinin gücünü və qüdrətini düzgün hesablaya bilməyiblər. Ona görə də lənətlənmiş bu xainlər həbsxanalarda misgin həyatlarını başa vurmalı olacaqlar. İstintaqdan qaçıb gizlənən Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zahidov isə Azərbaycana gətirilərək qanun qaşısında cavab verəcəklər, onları himayə edən ölkələr belə, buna mane ola bilməyəcək.Azərbaycan dövləti və xalqı vətənə xəyanəti heç vaxt bağışlamır. Xainlərin isə aqibəti bəllidir!
Azay Quliyev