Rəqəmsallaşma milli təhlükəsizlik və iqtisadi dayanıqlılığın əsas şərtidir

13:13 - 14 Fevral 2026

Rəqəmsallaşma milli təhlükəsizlik və iqtisadi dayanıqlılığın əsas şərtidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın inkişaf strategiyasında yeni və mühüm mərhələnin əsaslarını müəyyənləşdirir.


Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, rəqəmsallaşma artıq alternativ deyil, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və qlobal rəqabət qabiliyyətinin əsas şərtidir.

Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal islahatlar bu gün dünya miqyasında ölkələrin inkişaf trayektoriyasını müəyyən edir. Azərbaycan da bu qlobal transformasiya prosesindən kənarda qala bilməz. Əksinə, Azərbaycan mövcud üstünlüklərdən istifadə edərək regionda və daha geniş coğrafiyada rəqəmsal mərkəzə çevrilmək imkanına malikdir. Azərbaycanın geostrateji mövqeyi, Asiya ilə Avropa arasında yerləşməsi, Şimal–Cənub və digər beynəlxalq nəqliyyat dəhlizləri üzərində qərarlaşması ölkəyə mühüm tranzit üstünlüyü qazandırır. İndi isə bu infrastrukturun fiber-optik və rəqəmsal bağlantılarla tamamlanması zərurəti ortaya çıxır. Bu yanaşma Azərbaycanın yalnız enerji və yük tranziti deyil, həm də məlumat və texnologiya axınlarının əsas qovşaqlarından birinə çevrilməsi perspektivini formalaşdırır.

Enerji potensialı rəqəmsal inkişafın ən mühüm dayağıdır. Son illərdə generasiya gücünün əhəmiyyətli dərəcədə artırılması, yeni elektrik stansiyalarının istifadəyə verilməsi və mövcud ehtiyatlar data mərkəzlərinin yaradılması üçün real zəmin yaradır. Süni intellekt və böyük məlumat sistemlərinin geniş tətbiqi üçün sabit və güclü enerji təminatı əsas şərtdir və Azərbaycan bu baxımdan əlverişli mövqedədir.

Azərbaycanın əsas hədəfi ali məktəblərdə və xaricdə təhsil proqramlarında süni intellekt, informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslara üstünlük verməklə gələcək üçün insan kapitalının formalaşdırılmasıdır. Orta məktəblərdə ilkin rəqəmsal biliklərin aşılanması isə uzunmüddətli inkişaf modelinin əsasını təşkil edəcək.

Ümumilikdə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə Azərbaycanın post-neft mərhələsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində ardıcıl siyasətin davamı kimi qiymətləndirilməlidir.


Bu yanaşma ölkənin beynəlxalq tərəfdaşlarla əməkdaşlığını dərinləşdirəcək, yeni investisiya imkanları yaradacaq və dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcını təmin edəcək. Rəqəmsal transformasiya artıq gələcəyin layihəsi deyil, bu günün strateji vəzifəsidir. Azərbaycanın qarşıya qoyduğu məqsəd isə aydındır: mövcud üstünlükləri innovativ yanaşma ilə birləşdirərək rəqəmsal inkişafın aparıcı iştirakçılarından birinə çevrilmək.

 Vasif Qafarov

Milli Məclisin deputatı,
tarix elmləri doktoru

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az