Dünyanın sülh xəritəsi yenidən cızılır

09:24 - 20 Fevral 2026

Dünyanın sülh xəritəsi yenidən cızılır

Azərbaycan Qlobal Sülh Şurasında


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak edib, tərəfdaş ölkələrin dövlət başçıları ilə görüşlər keçirib, qeyri-rəsmi təmaslar olub. Xatırladaq ki, Azərbaycan lideri ötən ilin avqustunda da Vaşinqtona səfər etmişdi. Bütün bunlar Azərbaycan-ABŞ münasibətlərinin çox dinamik və sistemli, dərinləşən xətt üzrə  inkişafından xəbər verir. Hazırkı səfərə gəlincə, bu, Azərbaycanın regional və qlobal səviyyədə sülh təşəbbüslərinin başda president Tramp olmaqla ABŞ siyasi elitası tərəfindən yüksək qiymətləndirildiyinin daha bir sübutudur. Rəsmi Bakının Vaşinqtonda baş tutan Sülh Şurası kimi beynəlxalq platformalarda iştirakı həm də  ümumiyyətlə dünyada cərəyan edən xoşməramlı proseslərdə ölkəmizin  fəallığının və töhfə vermə imkanlarının da rəsmən tanınmasıdır.


Dünyanın sülhpərvər qüvvələrinin zirvə görüşünə bənzər toplantı Azərbaycanın nüfuzunun daha da artması, Qafqaz regionunda sülh və təhlükəszilik məsələlərində danılmaz rolunun nümayişi baxımından da əhəmiyyətlidir. Belə bir dəvət həm də ABŞ tərəfinin Azərbaycana strateji əhəmiyyət verdiyini göstərir. Bu da təsadüfi deyil. Azərbaycan son illərdə regional sülh, bölgədə nəqliyyat arteriyalarının açılması, qonşu dövlətlər, xüsusilə də Ermənistanla konstruktiv münasibətlərin qurulmasında əsas rol oynayan dövlət kimi tanınır. 

ABŞ prezidenti tərəfindən dəvət, məhz Azərbaycanın bu cür təşəbbüslərinə beynəlxalq səviyyədə verilən ən böyük dəstəkdir. Prezident Əliyevin Sülh Şurasında iştirakı Azərbaycanın diplomatik imkanlarını artırmaqla yanaşı, sülh proseslərində rəsmi Bakı üçün əlavə platforma funksiyasını da  icra edə bilər. Bəs Azərbaycan Sülh Şurasında qlobal proseslərə hansı töhfələr verə bilər? İlk növbədə regional ekspert kimi  dünyada hələ də çözülməyən konfliktlərin həllində öz uğurlu təcrübəsini paylaşa bilər. İkincisi,  münaqişələrin sülh yolu ilə həlli proseslərində etibarlı vasitəçiliyinin təklifi də tam mümkündür. Eyni zamanda sülh təşəbbüsləri, məsələn, humanitar layihələr, iqtisadi əməkdaşlıq, təhsil və mədəniyyət sahəsində regional əməkdaşlıq proqramları tərtib edə bilər. Odur ki, səfər həm diplomatik, ölkənin imici baxımdan həm də siyasi simvolik əhəmiyyət daşıyır.


Cənab Tramp bu dəvəti  ilə Azərbaycanı beynəlxalq sülh təşəbbüslərində fəal və etibarlı tərəfdaş kimi tanıdığını nümayiş etdirdi. Azərbaycan həm regional, həm də qlobal perspektivdə Sülh Şurasında layiqli yer tuta bilər. Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona növbəti səfəri ölkəmiz üçün həm prestij, həm də praktik diplomatik imkanlar açır, ki, rəsmi Bakının bu perspektivlərdən maksimum yararlanacağı şübhə doğurmur.

Qafqaz Cənublu


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az