ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin Vyanada keçirilən 2026-cı il Qış iclasında çıxış edən Komitə sədri Azay Quliyev regionda təhlükəsizlik mühitinin sürətlə dəyişdiyini və iqtisadi-texnoloji amillərin bu prosesdə həlledici rol oynadığını vurğulayıb.
Manset.az-ın məlumatına görə, Azay Quliyev çıxışı zamanı bildirib ki, ATƏT Parlament Assambleyası çərçivəsində keçirilən müzakirələr qlobal geosiyasi gərginlik, ticarət zəncirlərində pozuntular, enerji təhlükəsizliyi və texnoloji rəqabətin artdığı bir dövrdə xüsusi əhəmiyyət daşıyır.
Çıxışında Rusiya-Ukrayna müharibəsinin davam etməsinin regionda humanitar, iqtisadi və ekoloji təhlükəsizliyə ciddi təsir göstərdiyini qeyd edən Komitə sədri, xüsusilə mülki infrastrukturun hədəfə alınmasının genişmiqyaslı nəticələr doğurduğunu diqqətə çatdırıb.

A.Quliyev həmçinin bildirib ki, geoiqtisadi rəqabətin güclənməsi, təchizat zəncirlərində asılılıqlar və kritik texnologiyalar uğrunda mübarizə beynəlxalq sistem üçün yeni risklər yaradır. Bu kontekstdə Orta Dəhlizin strateji əhəmiyyətinin artdığı vurğulanıb və onun Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı kimi regional sabitliyə töhfə verdiyi qeyd olunub.
Sədr çıxışında Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan son irəliləyişlərin regionda nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi üçün real imkanlar yaratdığını da bildirib.
O, iqlim böhranının uzunmüddətli perspektivdə bəşəriyyət üçün ən böyük çağırış olaraq qaldığını, eyni zamanda süni intellekt və digər yeni texnologiyaların təhlükəsizlik mühitini köklü şəkildə dəyişdirdiyini diqqətə çatdırıb. Bu sahədə etik, təhlükəsiz və insan-mərkəzli yanaşmanın vacibliyi vurğulanıb.
Azay Quliyev qeyd edib ki, ATƏT məkanında süni intellektlə bağlı qanunvericilik və milli strategiyalar üzrə təcrübə mübadiləsinin gücləndirilməsi üçün Komitə platforması mühüm rol oynayır və bu istiqamətdə müqayisəli icmal hazırlanması təşəbbüsü irəli sürülüb.
Sonda Komitə sədri bildirib ki, geoiqtisadiyyat, texnologiya və təhlükəsizlik mövzusunda aparılan müzakirələr ATƏT regionunda gələcək siyasət prioritetlərinin formalaşmasına töhfə verəcək.