Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Esvatini Krallığının Parlamentinin açılış mərasimində iştirak üçün həmin ölkəyə səfər edib.
Manset.az xəbər verir ki, səfər çərçivəsində fevral ayının 19-da kral sarayında Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Folile Şakantu ilə Hüseyn Rəhimli arasında görüş keçirilib.
Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Daha sonra Esvatini Kralı III Msvati Hüseyn Rəhimlini qəbul edib. Görüş zamanı III Msvati Azərbaycan dövlət başçısına öz səmimi salamlarını çatdıraraq, Esvatini Kralı ilə Azərbaycan Prezidenti arasında yaranan xoş və səmimi münasibətləri xüsusi vurğulayıb və bu dostluq əlaqələrindən məmnunluq duyduğunu diqqətə çatdırıb. Kral Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcəyini bildirib.
İkitərəfli münasibətlərin inkişafı mövzusuna toxunan III Msvati Esvatini tərəfinin Azərbaycanla ticarət-iqtisadi (enerji, nəqliyyat, sərmayə yatırımı və s.) əlaqələrin genişləndirilməsi, habelə dağ-mədən sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən sözügedən sahənin inkişafı üçün Azərbaycan investisiyalarının cəlbində maraqlı olduğunu bildirib.
Hüseyn Rəhimli ölkəmizdə aparılan hüquqi və iqtisadi islahatlar sahəsində qazanılmış nailiyyətlərdən söz açaraq, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq, habelə müasir sosial-mədəni infrastruktur, eləcə də kommunikasiya və nəqliyyat xətlərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verib. Eyni zamanda, minalanmış ərazilər probleminin ən ciddi problemlərdən biri olduğu diqqətə çatdırılıb.
Görüş zamanı hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və s. mühüm beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməsi dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsi olduğu xüsusi vurğulanıb. Bundan əlavə, Hüseyn Rəhimli məhz Azərbaycanın təşəbbüsü olan “ASAN” və “DOST” nümunəvi dövlət xidmətlərinin təcrübəsindən istifadə edilərək dövlət sektorunda xidmətlərin təkmilləşdirilməsində Afrika ölkələrinə müvafiq yardım göstərildiyini qarşı tərəfin diqqətinə çatdırıb, habelə aidiyyəti qurumların "ASAN xidmət” konsepsiyasının Esvatini Krallığında da tətbiqi imkanlarının nəzərdən keçirilməsini təklif edib. III Msvati ölkəsinin sözügedən xidmət mərkəzlərinin açılmasında maraqlı olduğunu bildirib.
Fevral ayının 20-də Hüseyn Rəhimli Esvatini Krallığının Parlamentinin açılış mərasimində iştirak edib. Tədbirdən sonra Parlamentin spikeri Jabulani Mabuza ilə keçirilən görüş zamanı əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının həyata keçirilməsinin əhəmiyyətli rol oynaya biləcəyi xüsusi qeyd edilib. Hüseyn Rəhimli hazırda AR Milli Məclisinin sədrinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri olduğunu bildirərək, qeyd olunan istiqamət üzrə də əməkdaşlıq etmək üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.