Xocalı soyqırımının 34-cü ildönümü xalqımızın yaddaşında silinməz iz buraxmış qanlı faciənin bir daha dərin hüzn və böyük qürur hissi ilə anıldığı tarixi bir gündür. 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın yalnız Azərbaycan xalqına qarşı eləcə də bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət idi. Həmin gecə yüzlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlıq dəyərlərinin tapdanması idi.
Otuz dörd il keçməsinə baxmayaraq, Xocalı ağrısı
milli yaddaşımızda yaşayır, lakin bu gün həmin faciəyə artıq tarixi ədaləti bərpa
etmiş qalib dövlətin mövqeyindən baxırıq. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində aparılan ardıcıl siyasi və diplomatik fəaliyyət, eləcə
də Qarabağın azad olunması ilə təmin edilən tarixi Zəfər bu qanlı cinayətin
unudulmadığını və unudulmayacağını göstərir.
Ötən əsrin 90-cı illərində Azərbaycan öz tarixinin ən
mürəkkəb siyasi təlatümlərini yaşayıb. İmperiya buxovlarından qurtulmaq və müstəqillik
yolunu seçməklə Azərbaycan öz tarixi inkişaf kursunu müəyyənləşdirdi. Azərbaycanın
müstəqilliyi yolunda ilk addımları imperiya qüvvələri və yüz illərlə ölkəmizə
qarşı məkrli planlar həyata keçirən Ermənistanın şovinist, bədnam niyyətləri ilə
üzləşirdi. 1991-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü daha
da güclənmiş, Qarabağda silahlı qarşıdurmalar artmışdı. Sovet İttifaqının
dağılması ilə yaranan siyasi boşluq Ermənistanın bu bölgədəki separatçı qüvvələrini
aktivləşdirdi. Xocalı 1991-ci ilin oktyabr ayından etibarən tam mühasirəyə
alınmışdı və şəhərin əhalisi hər cür humanitar yardımdan məhrum edilmişdi. Erməni
millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik
təmizləmə, soyqırım siyasətinin növbəti təzahürü 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı aktı idi.
Faciənin əsas səbəblərini qeyd edərkən Ermənistanın
Xocalının strateji əhəmiyyəti və onun nəzarət altına alınması məqsədini, Azərbaycan
xalqını qorxutmaq və etnik təmizləmə siyasətini həyata keçirməyi və Ermənistanın
müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək üçün dinc əhalini tam məhv
etmək istəyini bildirmək lazımdır.
Faciənin Gedişatı və Törədilən Cinayətlər haqqında
bəhs edərkən bildirmək istərdim ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı qüvvələri Xocalını işğal etməyə başladı. Sovet ordusunun
366-cı motoatıcı alayı bu hücumda həlledici rol oynadı. Şəhər ağır artilleriya
və tanklarla atəşə tutuldu, evlər yandırıldı, qadınlar, uşaqlar və qocalar
xüsusi amansızlıqla öldürüldü.Soyqırımı zamanı 13 nəfər öldürülüb, onlardan
63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. 487 nəfər ağır yaralanıb.1275 nəfər
əsir götürülüb və onlara işgəncələr verilib. 150 nəfərin taleyi hələ də naməlumdur.
8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi işgəncələrlə qətlə yetirilib. Bu rəqəmlər
Xocalıda baş verən dəhşətli qətliamın miqyasını açıq şəkildə göstərir. Bu, beynəlxalq
hüququn əsas prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyasına tamamilə zidd idi.
Həmin dövrdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ümummilli
Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat
vermiş, faciəni törədənləri məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb
etmişdir.
Hələ Prezident səlahiyyətlərini
həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının
alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının
dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il
tarixli yazılı müraciət etmişdir. 1994-cü il 24 fevralda isə Ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı
"Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara
məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.
Xocalı faciəsi bəşəriyyət tarixində törədilmiş ən
ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti uzun illər
boyu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
ciddi işlər görmüşdür. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar artıq Xocalı
soyqırımını tanımışdır. Bu ölkələr arasında Türkiyə, Pakistan, Meksika,
Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Sudan və Honduras kimi dövlətlər
var. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini soyqırımı kimi
qiymətləndirmişdir. Bununla belə, dünya dövlətlərinin və beynəlxalq təşkilatların
əksəriyyəti hələ də Xocalı faciəsinə lazımi hüquqi qiyməti verməmişdir. Ermənistanın
təcavüzkar siyasətini ört-basdır etmək istəyən bəzi dairələr bu hadisənin
soyqırımı kimi tanınmasına mane olmağa çalışırlar.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi və əldə olunan Zəfərlər
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Xocalı şəhidlərinin ruhunu
da şad etdi. Azərbaycan ordusu Ermənistanın işğal etdiyi torpaqları geri
qaytararaq haqq-ədaləti bərpa etdi. Azərbaycanın əldə etdiyi Qələbə bu məsələnin
beynəlxalq miqyasda daha geniş müzakirə olunmasına səbəb oldu. Azərbaycan dövləti
Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda və beynəlxalq
məhkəmələrə çıxarmaqda davam edir.
Bu kontekstdə, 2008-ci ildə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevin təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət"
kampaniyası və Azərbaycan Respublikasının apardığı diplomatik mübarizə
soyqırımı cinayəti ilə bağlı dünya ictimaiyyətinin daha geniş məlumatlandırılmasına
xidmət edir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında
silinməz izlər buraxmış bir faciədir. Əldə olunan tarixi Zəfərlər, Xocalıda həlak
olanların qisasının alınması deməkdir. Lakin Xocalı faciəsini törədən cinayətkarlar
hələ də beynəlxalq məhkəmələr qarşısında cavab verməyib. Azərbaycanın haqq
mübarizəsi davam edəcək və Xocalıya ədalət bərpa olunana qədər dayanmayacaqdır.
Qeyd edək ki,
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda
keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan
təmizlənib. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı
şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə
Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə
qalmadığını bir daha bütün dünyaya nümayiş etdirir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri