Xocalı soyqırımı Azərbaycan xalqının tarixində silinməz iz qoyan ən ağır və faciəli hadisələrdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edib dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 613 nəfər qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl insan idi. Yüzlərlə sakin yaralandı, 1275 nəfər girov götürüldü, 487 nəfər şikəst edildi, 150 nədər itkin düşdü. Şəhər tamamilə dağıdıldı. Bu hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, dinc əhaliyə qarşı yönəlmiş ağır müharibə cinayəti və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
Xocalı faciəsinə dövlət səviyyəsində geniş
siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra verildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də
Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Heydər
Əliyev Xocalı hadisələrini soyqırımı kimi dəyərləndirərək bunun insanlığa qarşı
törədilmiş ağır cinayət olduğunu bəyan etdi və faciənin beynəlxalq miqyasda
tanıdılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi.
Ulu Öndərin təşəbbüsü ilə faktların toplanması, sənədləşdirilməsi, dünya
ictimaiyyətinə çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi
istiqamətində sistemli fəaliyyət başladı.
Prezident İlham Əliyev tərəfindən bu siyasi xətt
ardıcıl şəkildə davam etdirildi və daha da gücləndirildi. Dövlət başçısı beynəlxalq
tribunalardan Xocalı həqiqətlərini daim gündəmə gətirərək bu faciəyə
hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğuladı. 2020-ci ildə 44 günlük
Vətən müharibəsi nəticəsində işğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa
olundu. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli
antiterror tədbirləri nəticəsində isə Qarabağda Azərbaycanın suverenliyi tam təmin
edildi və digər ərazilərlə yanaşı, Xocalı şəhəri də azad olundu. Prezident
İlham Əliyevin Xocalıya səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması tarixi
ədalətin bərpasının rəmzi oldu.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində mühüm layihələr həyata keçirib. Fond tərəfindən müxtəlif
ölkələrdə anım tədbirləri, sərgilər, konfranslar təşkil olunub, nəşrlər
hazırlanıb, abidələr ucaldıldılıb və humanitar təşəbbüslər reallaşdırılıb.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildə başladığı “Xocalıya
ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində geniş
maarifləndirmə işi aparılıb, nəticədə 18 ölkənin parlamenti və ABŞ-nin 24 ştatı
Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanıyıb. Xocalı soyqırımına obyektiv siyasi-hüquqi
qiymət verilməsi beynəlxalq təşkilatların və dünya dövlətlərinin mənəvi
borcudur. Bu, həm də beynəlxalq hüququn aliliyinin təmin olunmasına xidmət
edir. İnanırıq ki, ədalət gec-tez zəfər çalacaq.
Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı hüquqi
müstəvidə ardıcıl və prinsipial fəaliyyət davam etdirilir. Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi çərçivəsində Xocalı
soyqırımının təşkilində və icrasında iştirak etmiş şəxslər barəsində ittihamlar
irəli sürülüb, onlar beynəlxalq axtarışa verilib. 2023-cü ildən sonra
saxlanılan separatçı rejim nümayəndələri və silahlı birləşmələrin rəhbərləri
barəsində terrorçuluq, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və digər
ağır maddələr üzrə cinayət işləri açılıb. Məhkəmə prosesləri qanunvericiliyə
uyğun və ədalətli şəkildə aparılıb, təqsirləndirilən şəxslərin müdafiə
hüquqları təmin edilib. Aparılan məhkəmə araşdırmaları nəticəsində Xocalı soyqırımı
və digər ağır cinayətlər üzrə məsuliyyət daşıyan bəzi şəxslər məhkəmə məsuliyyətinə
cəlb olunub, barələrində ittiham hökmləri çıxarılıb və törətdikləri cinayətlərin
ağırlığına uyğun layiqli cəzalara məhkum ediliblər. Bu hökmlər tarixi həqiqətlərin
hüquqi müstəvidə təsdiqi və ədalətin bərpası baxımından mühüm əhəmiyyət
daşıyır. Hüquqi proseslər davam edir və bu cinayətlərdə iştirak etmiş bütün şəxslərin
qanun qarşısında cavab verməsi istiqamətində işlər aparılır.
Azad Xocalıda bu gün genişmiqyaslı bərpa və yenidənqurma
işləri həyata keçirilir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq şəhərin
Baş planı hazırlanıb, müasir şəhərsalma prinsipləri əsasında infrastrukturun
qurulmasına başlanılılıb. Dağıdılmış yaşayış binalarının yerində yeni evlər
tikilir, yollar, elektrik, su və qaz xətləri çəkilir, sosial obyektlər – məktəblər,
uşaq bağçaları, tibb məntəqələri və inzibati binalar inşa olunur. Ərazi
minalardan təmizlənir, təhlükəsizlik və dayanıqlı inkişaf prinsipləri əsas
götürülür.
Bununla paralel olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində
keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli və planlı şəkildə
köçürülməsi siyasəti həyata keçirilir. 2026-cı il 19 yanvar tarixinə qədər
Xocalı şəhəri və kəndlərinə 881 ailə və ya 3602 nəfər köçürülüb. Qayıdan ailələr
üçün müasir və rahat yaşayış şəraiti yaradılır, məşğulluq proqramları tətbiq
olunur, kənd təsərrüfatı və sahibkarlığın inkişafı üçün imkanlar
formalaşdırılır. Dövlət tərəfindən sosial dəstək mexanizmləri təmin olunur ki,
insanlar öz doğma yurdlarında dayanıqlı və təhlükəsiz həyat qura bilsinlər. Bu
proses yalnız fiziki köç deyil, həm də sosial-iqtisadi reinteqrasiya və həyatın
tam bərpası deməkdir.
Beləliklə, Xocalı bu gün həm böyük faciənin, soyqırımın,
həm də tarixi ədalətin və dirçəlişin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin
müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam
etdirilir, Mehriban Əliyeva və Leyla Əliyevanın fəaliyyəti ilə beynəlxalq
miqyasda dəstəklənir. Hüquqi proseslərin aparılması, təqsirkarların cəzalandırılması,
azad edilmiş torpaqlarda geniş quruculuq işləri və “Böyük Qayıdış” siyasəti bir
məqsədə xidmət edir, Xocalı həqiqətlərinin unudulmaması və ədalətin tam bərqərar
olunması.
2025-ci il fevralın 25-də Prezident İlham Əliyev
“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında”
Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq
səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi
2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı qurbanlarının xatirəsi daim
ehtiramla anılır. Azad Xocalıda yenidən qurulan həyat isə xalqımızın iradəsinin,
dövlətimizin gücünün və ədalətə sadiqliyinin parlaq təcəssümüdür.
Vasif
Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru