Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev,
Birinci xanım Mehriban Əliyeva və digər rəsmi şəxslərlə birgə 26 fevral 2026-cı il tarixində Xocalı şəhərində
yeni inşa edilmiş Xocalı Soyqırımı Memorial Kompleksinin rəsmi açılışında
iştirak edərkən, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi,
tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması ilə bağlı bir sıra mühüm məqamlara toxunmuşdur.
Prezident İlham Əliyev bu soyqırımı erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayət kimi qiymətləndirmişdir. Çıxışda bildirmişdir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmişdir. Uzun illər ərzində Azərbaycan dövləti, ictimai və qeyri-hökumət təşkilatları, xüsusilə Heydər Əliyev Fondu vasitəsilə dünyada Xocalı soyqırımının tanıdılması, tarixi təhriflərin qarşısının alınması və beynəlxalq səviyyədə ədalətin bərqərar edilməsi üçün geniş kampaniya aparmışdır. Bu təşəbbüslər nəticəsində təxminən 20-dən artıq ölkə Xocalı hadisələrini genosid kimi rəsmi tanımışdır.
Ölkə başçısı həmçinin vurğulamışdır ki, Azərbaycanın əsas prioriteti — ölkənin ərazi bütövlüyünün tam bərpası və ədalətin təmin olunması olmuşdur. Uzun illər davam edən hazırlıq, güclü ordu və iqtisadiyyatın formalaşması nəticəsində Azərbaycanın haqq işini beynəlxalq səviyyədə tanıtdığına və bu yolda qələbə qazandığına diqqət yetirilmişdir.

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan şəxslər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bu, ədalətin tam təntənəsidir.
Prezident həmçinin inşa edilmiş Memorialı “sarsılmaz yaddaşın təcəssümü” kimi xarakterizə etmişdir. Bu kompleks yalnız faciənin xatirəsini əbədiləşdirməyəcək, eyni zamanda, gələcək nəsillərə tarixi dərs verəcək, xalqın əzmkarlığını və şərəfini yaşadacaqdır. Memorial kompleksinin Azərbaycanın güclü və suveren dövlət olduğunu göstərən mühüm simvoldur. Azərbaycan artıq 1990-cı illərdəki vəziyyətdə olmadığı, güclü ordu və sabit siyasətə malik olduğu bütün dünyaya nümayiş etdirilmişdir.

Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir.
Son 80 il ərzində dünyada dövlətimiz qədər tam və mütləq qələbə qazanmış ikinci
dövlət olmamışdır. Bu gün xalqımız sülh içində yaşayır və bunun təminatçısı Azərbaycan
dövlətidir, Ölkə Başçısının siyasətidir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
