- Son günlər regionda baş verən hadisələr Cənubi Qafqazda təhlükəsizlik mühitini gərginləşdirən ciddi hadisə kimi qiymətləndirilməlidir. İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumu nəticəsində Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura zərbə endirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə zidd olmaqla yanaşı, regionda sülh və sabitliyə qarşı yönəlmiş təhlükəli addım kimi, terror aktı kimi dəyərləndirilir.
- Bu hadisə bütövlükdə region üçün ciddi təhlükə mənbəyi yaradır və dövlətlərarası münasibətlərdə qəbul olunmuş bütün normalara zidd davranış kimi qiymətləndirilməlidir.
Baş vermiş hadisəni qətiyyətlə pisləyir və bu
hücuma görə məsuliyyətin tam şəkildə İran İslam Respublikasının üzərinə
düşdüyünü bildirirəm. Naxçıvan ərazisində mülki obyektin, xüsusilə də mülki vətəndaşların
istifadə etdiyi hava limanı kimi strateji və humanitar əhəmiyyətli obyektin, eləcə
də orta ümumtəhsil müəssisəsinin hədəfə alınması müasir beynəlxalq münasibətlər
sistemində qəbul edilməyən davranışdır. Bu cür addımlar təkcə bir dövlətə qarşı
deyil, bütövlükdə beynəlxalq hüquq sisteminə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir.
Mülki infrastruktura qarşı dron hücumunun həyata
keçirilməsi hərbi və siyasi baxımdan heç bir əsaslandırması olmayan, yalnız gərginliyi
artırmağa xidmət edən təhlükəli addımdır. Belə hücumlar müharibə qanunlarına
belə ziddir və beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozur. Mülki
obyektlərin hədəf seçilməsi acizlik və qorxaqlıq əlaməti olmaqla yanaşı, həm də
siyasi məsuliyyətsizliyin göstəricisidir.
Azərbaycan hər zaman beynəlxalq hüququn norma və
prinsiplərinə sadiq qalan dövlətdir. Ölkəmiz bütün qonşu dövlətlərlə münasibətlərdə
qarşılıqlı diqqət, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə
əsaslanıb, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul
olunub.
Məhz bu səbəbdən İran tərəfindən həyata keçirilən bu
cür təxribat və terror xarakterli addım Azərbaycan cəmiyyətində haqlı narazılıq
doğurur. Çünki Azərbaycan heç vaxt öz ərazisindən başqa dövlətlərə qarşı təhlükə
yaratmayıb və yaratmaq niyyətində də olmayıb. Azərbaycanın xarici siyasət kursu
həmişə regionda əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərin
qurulmasına yönəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə
çıxışlarında regionda sabitliyin və təhlükəsizliyin qorunmasının bütün dövlətlərin
maraqlarına uyğun olduğunu vurğulayıb.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz heç bir dövlətə
qarşı düşmənçilik siyasəti yürütmür və regionda qarşılıqlı əməkdaşlığın tərəfdarıdır.
Maraqlı və diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir
ki, Azərbaycan İranın Ali Dini Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı
vermişdi. Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə gedərək
ehtiramını bildirmiş, başsağlığı vermişdi.
Bu addım Azərbaycanın beynəlxalq münasibətlərdə insani dəyərlərə və
diplomatik etikaya nə qədər həssas yanaşdığını göstərən mühüm nümunədir.
Biz baş vermiş hadisəyə görə İran İslam
Respublikasından dərhal rəsmi izahat tələb edirik. İran qısa müddət ərzində bu
hadisəyə aydınlıq gətirməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün
zəruri tədbirlər görməli və səbəbkarlar cəzalandırılmalıdır. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi
bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görmək
hüququna malikdir və belə hücumların cavabsız qalmayacağını açıq şəkildə bəyan
edir.
Eyni zamanda Azərbaycan regionda sülh və sabitliyin
tərəfdarı olaraq diplomatik yollarla problemlərin həllinə üstünlük verir. Lakin
ölkəmizin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı hücum qətiyyətlə
qarşısı alınacaq. Tarix dəfələrlə sübut edib ki, Azərbaycana qarşı düşmənçilik
siyasəti aparan qüvvələr sonda öz səhvlərindən peşman olublar. Azərbaycan qüdrətli
dövlət olaraq güclü ordusu və milli həmrəyliyi ilə bu cür təxribatların
qarşısını almağa qadirdir.
Bu hadisə bir daha göstərir ki, regionda davamlı
sülhün təmin olunması üçün dövlətlər beynəlxalq hüquqa hörmət etməli,
qarşılıqlı etimadı sarsıdan addımlardan çəkinməlidirlər. Azərbaycan dövləti isə
hər zaman olduğu kimi bundan sonra da öz milli maraqlarını qətiyyətlə müdafiə
edəcək, ölkəmizin təhlükəsizliyinə və suverenliyinə qarşı yönəlmiş hər hansı təhdidə
layiqli cavab vermək əzmində olacaq.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri