- 5 mart 2026-cı il tarixində İran tərəfindən Naxçıvana edilən dron hücumu Azərbaycana qarşı İran dövləti səviyyəsində həyata törədilən terror aktıdır.
- Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki obyeklər İran tərəfindən hədəf alınaraq namərd atəşə məruz qalıb. Bu terror aktı regionda təhlükəsizlik və siyasi münasibətlər baxımından ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu hadisə hansısa təsadüfi bir hərbi insident deyil, bu, regionda formalaşan geosiyasi mühitə yönələn çox təhlükəli mesajdır və buna adekvat siyasi qiymət və cavab verilməlidir.
İran İslam Respublikasının ərazisindən Naxçıvana həyata
keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycanın suveren ərazisinə
qarşı belə bir addım beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə
pozulmasıdır. Hesab edirəm ki, bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik
mühitini daha da gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir.
Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam
Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə
dron zərbəsinin endirilməsi çökməkdə olan molla rejiminin Azərbaycana münasibətdə
sərgilədiyi riyakarlığın və nankorluğun növbəti təzahürüdür. Mülki
infrastruktura qarşı dron hücumunun təşkil edilməsi hərbi güc nümayişindən daha
çox acizlik, namərdlik və qorxaqlıq əlamətidir. Xüsusilə mülki vətəndaşların
istifadə etdiyi obyektlərin hədəf seçilməsi beynəlxalq humanitar hüququn
prinsiplərinin kobud surətdə pozulmasıdır.
Hesab edirəm ki, İran İslam Respublikası qısa zaman
ərzində bu məsələyə tam aydınlıq gətirməli, baş verən hadisə ilə bağlı rəsmi
izahat verməli, Azərbaycandan üzr istəməli, bu terror aktını törədənləri cinayət
məsuliyyətinə cəlb edilməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün
zəruri tədbirlər görməlidir. Əks halda bu hadisə regionda etimad mühitinə ciddi
zərbə vuracaq və qarşıdurma riskini artıracaq.
Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət
prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir
ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Hesab edirəm ki, bu fakt region
ölkələri tərəfindən də yaxşı bilinir.
Bu məqamda Azərbaycan dövlətinin nümayiş etdirdiyi
humanist və konstruktiv mövqeni də xatırlatmaq vacibdir. Məlum olduğu kimi,
İranın Ali Liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev
dərhal başsağlığı verib və İran səfirliyini ziyarət edib. Azərbaycandan başqa
heç bir dövlətin başçısı bu addımı atmayıb. Bu addım Azərbaycanın humanizm və
diplomatik etikaya sadiqliyinin növbəti nümunəsi idi. Eyni zamanda, Azərbaycan
İranın Livandakı səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək edib və digər bu
kimi addımlar atıb. Azərbaycanın İrana humanitar yardım göndərməsi məsələsinin
də gündəmdə olması ölkəmizin səmimi münasibətinin göstəricisidir. Hazırkı vəziyyətdə
İranın beynəlxalq aləmdə təkləndiyi bir məqamda Azərbaycanın sərgilədiyi belə
bir mövqe qarşısında İranın Naxçıvana dron hücumları təşkil etməsi nankorluğun
son həddidir.
Prezident İlham Əliyev 5 mart 2026-cı il tarixində
keçirilmiş Təhlükəsizlik Şurasının iclasında bu məsələyə toxunaraq Azərbaycanın
öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malik olduğunu xüsusi
vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan heç vaxt təxribat yolu seçməyib,
lakin ölkəmizin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı
addım cavabsız qalmayacaq. Prezident həmçinin qeyd etdi ki, Azərbaycan regionda
sülh və əməkdaşlıq tərəfdarıdır, lakin bu sülh birtərəfli ola bilməz.
Hesab edirəm ki, dövlət başçısının bu mesajı həm
region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə açıq və aydın siqnaldır. Azərbaycan
öz milli təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün
bütün zəruri addımları atmaq hüququna malikdir.
Tarix də göstərir ki, Azərbaycana qarşı təxribat və
hücumlara əl atan qüvvələr sonda bunun peşmanlığını yaşayıblar. Hesab edirəm
ki, İran tərəfi də bu məsuliyyətsiz və təhlükəli addımın nəticələrini ciddi şəkildə
düşünməlidir.
Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq
müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu kimi hücum
aktlarının cavabsız qalmayacağı barədə mövqeyini açıq şəkildə ifadə edib.
Hesab edirəm ki, regionda sabitliyin və təhlükəsizliyin
qorunması üçün bütün dövlətlər məsuliyyətli davranmalı, beynəlxalq hüququn
norma və prinsiplərinə hörmət etməli və təxribat xarakterli addımlardan çəkinməlidirlər.
Vasif Qafarov
Milli Məclisin deputatı