Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.
Manset.az xəbər verir ki, cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb.
Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin
partlayıcılar zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi
strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən
olunması məqsədilə əməliyyat axtarış tədbirləri təşkil edilib.
Məlum olub ki, İran İslam Respublikasının vətəndaşları - Rustamzada
Behnam Sahibali və Zandkian Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan
oğlu ilə cinayətkar əlaqə yaradıb. İran İslam Respublikasının vətəndaşı
Zandkian Yaser Rahimin tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında
qoyulmuş 1 ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı, içərisində
obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş
7 kq 730 qram ağırlığında olan “C-4” partlayıcı maddənin olduğu aşkarlanıb. Dövlət
Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Nicat Ağayevlə
birlikdə avtomobil ilə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı
günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən
edilib.
Daha sonra SEPAH-la birbaşa əlaqələri olan İran İslam Respublikasının
vətəndaşı Azarundbileh Hosein Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən
içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində
uzaqdan idarə olunan, “C-4” tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən
cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiq oğlu
gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat
alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd
Abdullayevin birlikdə Qobustan
rayonunun Şıxlar qəsəbəsi, Bağlar massivindəki məlum gizli saxlanc yerindən
konteyneri götürərək bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi
aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşlarının
narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam
İnqilabi keşikçiləri Korpusu ilə birbaşa əlaqələrinin olduğu təsbit edilib.
Qeyd olunanlarla yanaşı, Azərbaycan
Respublikasında kəşfiyyat xarakterli məlumatların toplanılması, terror-təxribat
və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə
saxladığı şəxslərin dairəsi müəyyən edilib. Belə ki, Bakı şəhəri, Qaradağ
rayonunun Səngəçal qəsəbəsində körpünün altına partlayıcı qurğunu yerləşdirəcək
şəxsə 50 000 ABŞ dolları vəd edən İran İslam Respublikasının vətəndaşı
Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub.
Eyni zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayan yəhudi əsilli
şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşırıqlar
aldığı məlum olub.
SEPAH tərəfindən bundan öncəki 3 partlayıcı qurğunun yeri etibar
etdikləri şəxslərin təşəbbüskarlarla əlaqəni kəsməsi səbəbindən müəyyən edilməyib.
Buna görə də, İran İslam Respublikasının vətəndaşı Hafez Tavassolinin təşəbbüsü
ilə növbəti partlayıcı qurğunun keçirilməsi təmin edilib. Belə ki, Paytaxtın
Qaradağ rayonunda yerləşən Gəmiqayırma Zavodunun yaxınlığında 1 ədəd 1280 qram
çəkidə partlayıcı qurğu müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin
təsir dairəsi 250-300 metr məsəfadədir. SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən
edilmiş Hafez Tavassoli, Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu
özündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil
alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həmin qutunu Masazır qəsəbəsində
gizli yerə qoyub.
Xədicə Ağayeva 1 nəfərin
motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra,
H.Tavassoliyə bu barədə məlumat verib.
Ağayeva partlayıcı
maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan
sonra Sajjad Sheikhzadeh Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Əhmədov
Elvin Bəhruz oğlu partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət
evinin ətrafında gizlədib.
Eyni zamanda İran İslam
Respublikasının vətəndaşı Hafez Tavassoli tərəfindən ictimai xadimin həyatına
sui-qəsd cinayəti törətmək məqsədilə, Azərbaycan Respublikasının vətəndaşı
Şabanova Nərminə Ramiz qızı ilə əlaqə saxlanılıb və ictimai xadimin işlədiyi
ünvana getməsi, həmin yerin, eləcə də sözügedən şəxsin fotoşəkillərinin çəkilməsi
barədə tapşırıqlar verilib. Bununla yanaşı, Şabanova, SEPAH-dan ictimai xadimin
öldürülməsi üçün 3-cü ölkə ərazisindən Azərbaycana göndərilmiş əcnəbi vətəndaşın
qarşılanması, hoteldə yerləşdirilməsi və cinayəti törətmək məqsədilə silah və nəqliyyat
vasitəsi tapmasına dair təlimat da alıb. Məhz bu məqamda İsmiyev Naib Ağaismi
oğlu 80 000 manat müqabilində ictimai xadimi öldürə biləcəyini Nərminə
Şabanovaya bildirib. Bununla əlaqədar, Naib
İsmiyev ictimai xadimin iş yerinə gedərək, cinayəti icra etməyi və icra etdikdən
sonra hadisə yerindən qaçıb gizlənməyi planlaşdırmaq üçün mobil telefonu ilə həmin
yerin videoçəkilişlərini aparıb və cinayətkar qrupun üzvü Nərminə Şabanovaya
göndərib. Eyni zamanda onlar cinayəti
icra etmək məqsədilə odlu silah, habelə digər alət və vasitələr axtarmaq və əldə
etmək barədə sövdələşməklə ictimai xadimin həyatına sui-qəsd cinayətinə hazırlıq
həyata keçiriblər.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş qabaqlayıcı təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində, qeyd olunan xüsusilə ağır cinayətlərin
qarşısı alınıb. Belə ki, Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu,
Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir
qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib
İsmixan oğlu törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəli şəxslərin
tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar
tapşırıqları icra etdiklərini etiraf ediblər.
Qeyd edilən müddət ərzində
ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının
zabiti, polkovnik hərbi rütbəli
Ali Asghar Bordbar Sheraminin olduğu aşkar edilib.
Ölkə ərazisində
sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə kəşfiyyat xarakterli məlumatların
toplanılması və terror-təxribat aktlarının təşkilində
iştirakı müəyyənləşən İran İslam Respublikasının
vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Hafez Tavassoli, Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində
beynəlxalq axtarış elan olunub.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməllərində
iştirakları aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul
edilib. Belə ki Quliyev Tərxan Tərlan oğlu və Ağayev Nicat Zaman oğlu, Abdullayev
Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri
ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
ediliblər.
Şabanova Nərminə Ramiz qızı və
İsmiyev Naib Ağaismi oğlu AR CM-in 28,277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etməyə haırlıq), Əhmədov Elvin Bəhruz oğlu isə CM-in 228.2.1-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə,
başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət məsuliyyətinə
cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Dövlət
Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən toplanmış materiallar
məhkəməyə göndərilib.
Xarici xüsusi xidmət
orqanları tərəfindən Azərbaycan Respublikasında terror-təxribat və sui-qəsd
aktlarının planlaşdırılmasını təşkil edən,
eləcə də onlarla əməkdaşlıq edən şəxslərin dairəsinin müəyyən olunması məqsədilə
kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məhz bu səbəbdən də əhali
ayıq-sayıq olmağa çağrılır, sonu azadlıqdan məhrumetmə ilə nəticələnən hər bir
cinayətdən çəkinmək tövsiyə olunur.