"Azərbaycan qadınları dövlətimizin zərif siması və qüdrətin simvoludur"

18:56 - 07 Mart 2026

\"Azərbaycan qadınları dövlətimizin zərif siması və qüdrətin simvoludur\"

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qadınlara ehtiramın, onların cəmiyyətdəki roluna verilən yüksək dəyərin ifadəsi kimi qeyd olunur. Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərimizin qoruyucusu, dövlətçiliyimizin dayağı, ictimai-siyasi həyatın fəal iştirakçısı olub. Azərbaycan qadınının fədakarlığı, müdrikliyi və vətənpərvərliyi xalqımızın taleyüklü məqamlarında xüsusi əhəmiyyət kəsb edib.


Azərbaycan qadınının qəhrəmanlıq salnaməsi qədim dövrlərə dayanır. Xalqımızın ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazları yalnız ailə ocağının deyil, eyni zamanda savaş meydanının da qəhrəmanları kimi təqdim edilir. Tariximizdə xüsusi iz qoymuş Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qadınlar siyasi liderlik, diplomatiya və qəhrəmanlıq nümunəsi göstəriblər. Bu simalar Azərbaycan qadınının gücünü, mübarizliyini və dövlətçilik düşüncəsini təcəssüm etdirir.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, qadınlara seçib-seçilmək hüququ verən ilk müsəlman dövlətidir. Bu addım bir çox Avropa ölkələrindən belə əvvəl atılıb və Azərbaycan qadınının ictimai-siyasi həyatda iştirakına geniş yol açıb. Bu fakt qadınlarımızın mədəni və intellektual potensialının, həmçinin dövlətimizin demokratik dəyərlərə sadiqliyinin bariz göstəricisidir.

Azərbaycanda dövlət qadın siyasətinin əsasının qoyulması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların ölkə həyatının bütün sahələrində fəal iştirakını dəstəkləyərək onların rəhbər vəzifələrdə təmsilçiliyinə xüsusi önəm verib. 1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi, qadın problemləri üzrə dövlət strukturlarının yaradılması və gender siyasətinin institusional əsaslarının formalaşdırılması bu siyasətin mühüm mərhələlərindəndir.

Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların bərabər hüquq və azadlıqlarını təmin edir. Dövlətimiz beynəlxalq sənədlərə qoşularaq qadın hüquqlarının müdafiəsini gücləndirib. 1995-ci ildə keçirilən IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul edilməsi qadınların siyasi, sosial və iqtisadi hüquqlarının qorunması istiqamətində mühüm addımdır. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi gender siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirib. Hazırda “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində qadınların ictimai fəallığının artırılması, rəqəmsal savadlılığının gücləndirilməsi, əmək bazarında bərabər imkanların yaradılması, iqlim dəyişiklikləri ilə mübarizədə qadınların iştirakının təşviqi kimi mühüm istiqamətlər müəyyən edilib.

Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Qadın hüquqlarının qorunması, onların sosial-iqtisadi imkanlarının genişləndirilməsi və qərar qəbuletmə prosesində iştirakının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi son illərdə əhəmiyyətli dərəcədə artıb. Hazırda Milli Məclisdə 26 qadın deputat var. 2020-ci ildən Milli Məclisə qadın deputat sədrlik edir. Bu gün Azərbaycan qadını dövlət idarəçiliyində, məhkəmə-hüquq sistemində, ordu quruculuğunda, elm və təhsil sahəsində uğurla təmsil olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva humanitar və mədəni diplomatiya sahəsində fəaliyyəti ilə Azərbaycan qadınının beynəlxalq nüfuzunu yüksəldir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr, xeyriyyə təşəbbüsləri və mədəni irsin qorunmasına yönəlmiş proqramlar ölkəmizin “yumşaq güc” siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Humanizm və mərhəmət prinsiplərinə əsaslanan bu fəaliyyət Azərbaycan qadınının zəngin mənəvi dəyərlərini dünyaya nümayiş etdirir.

Azərbaycan qadını – tarixin sınaqlarından alnıaçıq çıxıb, milli dəyərlərimizi qoruyaraq müasir çağırışlara cavab verən güclü və müdrik simadır. Azərbaycan qadınının fəaliyyəti dövlətimizin qüdrətini, cəmiyyətimizin humanist dəyərlərini və gələcəyə inamını möhkəmləndirir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edirəm, onlara möhkəm cansağlığı, ailə səadəti, uğur və nailiyyətlərlə dolu həyat arzulayıram.

Vasif Qafarov

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az