"VEİS-in əsas məqsədi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir"

12:47 - 10 Mart 2026

\"VEİS-in əsas məqsədi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir\"

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) fəaliyyət istiqamətləri üzrə bir sıra xidmətlər hazırda tam olaraq rəqəmsal formada həyata keçirilir.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə SHXÇDX-nin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

O deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əsasnaməsi təsdiqlənmiş xidmətin “Vahid Elektron İnformasiya Sistemi”nin (VEİS) formalaşdırılmasının əsas məqsədi çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının və uçotunun aparılması, onların aidiyyəti qurumlarla birgə tibbi şəhadətləndirilməsinin keçirilməsi, hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə çağırışın təşkili və həyata keçirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad edilməsi, hərbi xidmət və vəzifələrlə bağlı sənədlərin elektron formada təqdim edilməsi, vətəndaşların müraciətlərinin qəbul edilməsi və cavablandırılması, “MyGov” platforması ilə qarşılıqlı əlaqəsinin yaradılması, həmçinin hərbi-nəqliyyat vasitələrinin uçotunun aparılması sahələrində dövlət idarəetməsinin optimallaşdırılmasından, elektron məlumat mübadiləsinin və təhlillərin aparılmasından, proqnozların və hesabatların hazırlanmasından və qiymətləndirilməsindən, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Onun sözlərinə görə, vətəndaşlara məsafədən xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, xidməti fəaliyyətdə şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarına şərait yaradan amillərin qarşısının alınması, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması Dövlət Xidmətinin prioritet saydığı məsələlərdəndir: "Onu da qeyd edək ki Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə rəqəmsal platformanın mövcudluğu həm dövlət qurumları, həm də vətəndaşlar üçün önəmli olmasını və vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan göstərilməsini vurğulayıb”,- deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 2-də Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”si təsdiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az