Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edir.
Manset.az xəbər verir ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi
qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini
ehtiramla yad ediblər.
Sonra
respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən
övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
Daxili Qoşunların
Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət
Eyvazov iştirak edib.
Əvvəlcə Ümummilli
Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak
olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla anılıb.
Əlamətdar gün
münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət
Eyvazov Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin
yeni tarixi ilə sıx bağlı olduğunu, xalqa və dövlətə sədaqətlə xidmət edən
Qoşunların hərbi qulluqçularının qarşıya qoyulmuş tapşırıqları hər zaman
layiqincə yerinə yetirdiklərini, sabitliyin təminatçılarından və dövlətçiliyin
dayaqlarından birinə çevrildiyini vurğulayıb.
Nazir dövlət
başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki, hərbi
tədris bazasının və institutunun, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi
hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün tədbirlər həyata
keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi
bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində,
o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları
ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini
məmnunluqla qeyd edib.
Bildirilib ki, ölkədə ictimai asayişin və
hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində,
cinayətkarlığa qarşı mübarizədə, eləcə də keçirilən mötəbər beynəlxalq tədbirlər
zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə
yetirib.
Nazir xidmətdə fərqlənən hərbi
qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin
möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və
yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Sonra daxili işlər nazirinin müavini
- daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov və komandanın
birinci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış
ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi
qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini -
daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar
sahiblərinə təqdim edilib.