"Novruz baharın gəlişi müjdəsini verən əziz bayramdır "

11:19 - 21 Mart 2026

\"Novruz baharın gəlişi müjdəsini verən əziz bayramdır \"

Azərbaycan xalqı dünyada zəngin tarixə, milli-mənəvi dəyərlərə, mədəniyyətə sahib olan xalq kimi tanınır.


Bütün dövrlər üçün bu çağırış öz aktuallığını saxlayır ki, milli-mənəvi dəyərlərimizi qoruyaq, inkişaf etdirək, indiki və gələcək nəsillərə çatdıraq. Hər bir xalqın tanınmasında onun milli-mənəvi dəyərləri əsas amillər sırasındadır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə, həmçinin Ulu Öndərin siyasi kursunu son 22 ildən artıq müddətdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların xronologiyasına diqqət yetirsək azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin və təbliğinin prioritetliyini aydın şəkildə görərik. Birlik, həmrəylik çağırışlarının fonunda bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid amal uğrunda birləşməsindən qürurla bəhs edirik. Azərbaycan beynəlxalq səviyyədə ənənələri olan ölkə kimi dəyərləndirilir. Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini, birliyini və həmrəyliyini özündə ehtiva edən, baharın gəlişi müjdəsini verən əziz bayramdır. Novruz, həmçinin özündə yeni başlanğıc mesajını əks etdirir. Yeni hədəflərə çağırışlar edilir, birlik, həmrəylik əsasında onların uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunur. Dövlət başçısı İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində əminliklə qeyd etdiyi kimi, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik.

Tarixi Zəfərimizə qədər bütün bayramlarda, o cümlədən Novruz bayramında bu arzu ifadə edilirdi ki, işğal altında olan ərzilərimiz azad edilsin, bu torpaqlarda bayram tonqalları alovlansın. Artıq altı ildir ki, bu arzular işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın uğurla həyata keçirilməsi, azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun cənnət məkana çevrilməsi ilə əvəzlənib. Bu gün azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Şanlı Qələbəmiz növbəti Zəfərlərə yol açdı. 2023-cü ilin sentyabrında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldı. Bu gün qürurla sakinlərinə qovuşan şəhərlərimiz sırasında Xocalının, Xankəndinin və Xocavəndin də adının olmasından bəhs edirik. Qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi torpaqlarımızın mərhələ-mərhələ sakinlərinə qovuşması ilə müşayiət olunur. Bu gün bu torpaqlarda Novruz tonqalının alovlandırılmasından böyük xoşbəxtlık ola bilməz.

Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Azərbaycan xalqının milli sərvəti olan muğam və aşıq sənətindən sonra, milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və BMT-nin Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Novruz sadəcə bir təbiət hadisəsi kimi deyil, həm də xalqların, millətlərin daha yaxşı gələcək naminə birgə yaşama və anlaşma arzusunu özündə birləşdirən bayram kimi qiymətləndirilir. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikində vurğuladığı kimi, Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır. Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

Hər bir bayram hesabat xarakteri daşıyır. Əldə olunan uğurlara bir daha diqqət yönəldilir və onların əsasında gələcək addımların konturları cızılır. Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlayaraq inkişaf, tərəqqi yolunda inamla addımlayır, hədəflərə ardıcıllıqla nail olur. Bu gün dünyaya səs salan tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına qədər keçilən yola nəzər salsaq ədalətin bərpasının, torpaqlarımızın işğaldan azad edilməsinin əsas hədəf olması ilə yanaşı, buna nail olmaq üçün aparılan hazırlıq işlərinin şahidi olarıq. Hər zaman bu çağırış edilirdi ki, tezliklə Azərbaycan Bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalanağaq. Bu əminliyin davamı olaraq o da qeyd edilirdi ki, o gün uzaqda deyil. Təbii ki, buna əsas verən Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı, məsələnin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu idi. Prezident İlham Əliyev hər bir çıxışında bu məqamları xüsusi qeyd edir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər hər zaman Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı bu platformalardan Azərbaycanın sülhə gedən yolunu əsaslı şəkildə diqqətə çatdırır. Prezident İlham Əliyev bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi XIII Qlobal Bakı Forumundakı çıxışında bir daha bu məqamlardan geniş bəhs edərək bildirdi ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk. O da vurğulandı ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.

Zəfərlərimiz, sülhə nail olmağımız Azərbaycan xalqının nə qədər yenilməz, məğrur xalq olduğunu, tarixinə, torpağına sahib çıxdığını təsdiqləyən əsas amillərdəndir. Bu gün qürurla bütün Azərbaycan ərazisində Novruz tonqallarının alovlandırılmasından bəhs edirik. Doğma yurd-yuvasına qayıdan soydaşlarımızın sevincinin həddi-hüdudu yoxdur. Dövlətimizin başçısı İlham Əliyevin Novruz təbrikində arzuladığı kimi, qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun, hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Bu günümüzün uğurları qalib, bütövləşən Azərbaycanın qarşısında geniş imkanlar açır. Əminik ki, nöbvəti Novruz bayramında Azərbaycanın tarixini daha da zənginləşdirən çoxsaylı uğur səhifələrini vərəqləyəcək, yeni hədəflərdən bəhs edəcəyik. Bu əminliyimizə 2026-cı ilin ötən dövründə qazanılan uğurlar əsas verir. Azərbaycan iqtisadi və siyasi mövqeyini möhkəmləndirməklə, tarixi sülh razılaşmasına nail olmaqla növbəti uğurlarının yol xəritəsini təqdim edir. Növbəti bayramda sülh müqaviləsinin imzalanması ilə əbədi sülhün təmin edilməsindən danışacağıq. Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, bu, bizim strategiyamız və siyasətimizdir.

Vüqar Rəhimzadə

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az