31
Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və
ağrılı səhifələrindən biridir. 1918-ci ilin martında Bakı Soveti
qoşunları və daşnak erməni silahlı dəstələri, “Daşnaksutyun” partiyasının
4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif
bölgələrində, o cümlədən, Bakı şəhəri, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz,
Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə azərbaycanlı
soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilmişdir. Həmin
dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən
qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmiş, talanlar və etnik
təmizləmələr həyata keçirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini
abidələrimiz məhv edilmişdir.
Erməni
cəlladları on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus,
avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək
diri-diri yandırmışdılar.
Xüsusilə
Şamaxı qəzasında onlarla kənd yerlə-yeksan edilmiş, minlərlə insan qətlə
yetirilmişdir. 1990-cı illərdən etibarən tədqiqatçılar Şamaxı hadisələri ilə
bağlı bir sıra araşdırmalar aparılıb və nəticədə erməni cinayətkarlarının
Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə
yetirildiyi, Şamaxı qəzasından 18 min nəfərdən çox insanın didərgin düşdüyü müəyyən
edilib.
Həmçinin,
Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin miqyasını və qəddarlığını
bir daha sübut edən mühüm tarixi faktlardan biridir. Quba qırğınları zamanı şəhərdə
öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən
artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi
tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Qərbi
Azərbaycanlılara qarşı törədilmiş kütləvi deportasiyalardan ilki də həmin dövrdə
- 1918-1920-ci illərdə baş verib. 1917-ci ilin noyabrında Rusiyada baş verən
dövlət çevrilişindən sonra Şərqi Anadolu və Qafqaz cəbhələrindən geri çəkilən
rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və
azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətdilər. İrəvan
quberniyasında azərbaycanlı əhaliyə qarşı zorakılıqların ilk mərhələsi 1918-ci
ilin əvvəllərindən etibarən başlamışdır. Həmin ilin mart ayınadək erməni
silahlı birləşmələri İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 85, Novo-Bəyazid
qəzasında 7 və Sürməli qəzasında 75 kəndi, ümumilikdə isə 199 yaşayış məntəqəsini
viran qoymuş, təxminən 135 min azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci il
aprelin 29-da isə Gümrü yaxınlığında əsasən qadın, uşaq və yaşlılardan ibarət təxminən
3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə məhv edilmişdir.
Erməni silahlı dəstələri tərəfindən Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv
edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. 1918-1920-ci illərdə
Qarabağa edilmiş yürüş nəticəsində Qarabağın dağlıq hissəsində 150 kənd
dağıdılmış, əhalisi məhv edilmişdir.
Bu
hadisələrə uzun illər ərzində obyektiv hüquqi-siyasi qiymət verilməmişdir.
Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində
yanaşma formalaşmışdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı
sərəncamla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Bu qərar həmin faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi ədalətin
bərpası istiqamətində mühüm addım olmuşdur. Həmçinin, sözügedən Fərmandan sonra
həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər
yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bundan başqa, xarici ölkələrdə
keçirilən tədbirlər, nəşr olunan elmi əsərlər və aparılan tədqiqatlar bu
soyqırım reallığının dünyaya çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan
Respublikası bu tarixi hadisələrin dünya ictimaiyyətinə daha dolğun şəkildə
çatdırılması üçün ardıcıl siyasət həyata keçirir. Bu həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli
yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli
Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar
vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın
sol sahilində inşa edilmişdir.
Həmçinin
ölkə başçısı İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara
qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya
ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam
imzalamışdır.
Bu günkü, müstəqil, suveren, qüdrətli Azərbaycanın var olması asanlıqla başa gəlməyib. Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlara, əsarətə, işğala, etnik təmizləmələrə məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. İşğalla barışmayan dövlətimiz 30 ilə yaxın daxili gücünü səfərbər edərək tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. Bununla belə, edilən haqsızlıqları heç zaman unutmamış və unutdurmamışdır. Xalqımızın yaddaşında dərin izlər buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı