- 2 aprel 2026-cı il tarixində böyük qayıdış çərçivəsində Kəlbəcərə sayca 6-cı köç gəlib. Ölkə başçısının Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə sayca 6-cı köç karvanı ilə doğma sakinləri qayıdıb.
-
Manset.az xəbər verir ki, Kəlbəcər şəhəri birinci yaşayış məhəlləsinə ailələrin
köçürülməsi mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və
İdarəetmə Xidməti”nin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin nümayəndələri iştirak ediblər. Ailə başçılarına mənzillərin
açarları təqdim olunub, həmin mənzillər fasiləsiz olaraq su, elektrik, istilik,
yüksək sürətli internetlə təmin olunub.
Kəlbəcər
şəhərinə növbəti köç karvanı ilə Bakı, Gəncə və respublikanın müxtəlif bölgələrindən
27 ailə, ümumilikdə 113 nəfər (56-ı kişi, 57-i qadın olmaqla) köçürülüb. Sakinlər
arasında 16 təqaüdçü, 3 nəfər azyaşlı, 25 şagird və 3 müharibə veteranı yer
alır. Bununla da şəhərin I yaşayış məhəlləsində
birinci mərhələ üzrə ümumilikdə 162 (680 nəfər) ailənin qayıdışı təmin edilib.
Köçürülən
əhali müxtəlif yaş kateqoriyalarını əhatə edir. Əmək qabiliyyətli sakinlər əsasən
dövlət və özəl sektorda müxtəlif istiqamətlər üzrə əmək fəaliyyəti ilə məşğul
olur, bir sıra dövlət qurumlarında, xidmət, infrastruktur və istehsal sahələrində
çalışırlar.
Qeyd edək ki, Kəlbəcər
şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir və dayanıqlı məskunlaşmanın
təmin olunması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir.