“Yeni Azərbaycan Partiyası: İnkişaf və nüfuzun təməl gücü” mövzusunda iclasdan FOTOLAR

17:51 - 06 Aprel 2026

“Yeni Azərbaycan Partiyası: İnkişaf və nüfuzun təməl gücü” mövzusunda iclasdan FOTOLAR
  • “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində “Yeni Azərbaycan Partiyası: İnkişaf və nüfuzun təməl gücü” mövzusunda keçirilən iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “S.Vəzirov küç.91” (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri və nazirliyin əməkdaşları iştirak edib.

Manset.az xəbər verir ki, iclas iştirakçılarını salamlayaraq çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, müasir və müstəqil Azərbaycanın əldə etdiyi uğurlar təsadüfi deyil – bu nailiyyətlər dərin siyasi uzaqgörənlik, möhkəm ideoloji təməl və xalqın milli iradəsinə söykənən düzgün inkişaf strategiyasının nəticəsidir. Bu möhkəm təməlin əsasını isə Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik konsepsiyası təşkil edir. Onun müəyyən etdiyi siyasi kurs Azərbaycanı parçalanma və qeyri-sabitlikdən xilas edərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxardı. Məhz bu ideyaların davamı olaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ölkəmiz həm regionda, həm də beynəlxalq arenada öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Əldə olunan möhtəşəm Zəfərlər Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, onun siyasi nüfuzunu da zirvəyə yüksəltmişdir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri dövlət siyasətinin humanist və strateji mahiyyətini aydın şəkildə nümayiş etdirir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın bugünkü uğurları möhkəm siyasi iradənin, düzgün idarəetmənin və xalq-lider birliyinin nəticəsidir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir inkişaf strategiyasının formalaşmasında və həyata keçirilməsində mühüm rol oynayır. Partiya Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq dövlətçilik ənənələrini möhkəmləndirmiş və sabit siyasi mühit yaratmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkənin beynəlxalq nüfuzunun artmasına və davamlı inkişafına əhəmiyyətli töhfə verir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Bu gün ətrafında 755 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Yeni Azərbaycan Partiyasının siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün Prezident, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Əldə olunan Zəfərlər bu gün Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa proseslərində Heydər Əliyev Fondu da xüsusi humanitar, mədəni və sosial layihələrlə regionun dirçəlişinə mühüm töhfə verir. Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi bu təşəbbüslərə strateji istiqamət, zərif yanaşma və yüksək təşkilatçılıq gətirərək işlərin sürətli və keyfiyyətli icrasını təmin edir. Onun fəaliyyəti Qarabağın bərpasını milli həmrəyliyin, inkişafın və dövlətçilik ideyalarının real təcəssümü kimi daha da gücləndirir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev iclas iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib və Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçilməsi məsələsinə baxılıb.  Ərazi partiya təşkilatının sədri vəzifəsinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Zaur Əliyevin və sədr müavini vəzifəsinə isə nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Zaur Əliyev ərazi partiya təşkilatının sədri, sədr müavini isə Fərid Nəcəfov seçilib. Zaur Əliyev və Fərid Nəcəfov ərazi partiya təşkilatı tərəfindən onlara göstərilən yüksək etimada görə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az