Müasir dövrdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dinamik inkişaf edərək regionun ən nümunəvi strateji tərəfdaşlıq modellərindən birinə çevrilmişdir. Xüsusilə yüksək səviyyəli görüşlər zamanı qəbul edilən qərarlar və imzalanan sənədlər əməkdaşlığın hüquqi və institusional bazasını genişləndirir.
Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan–Gürcüstan
münasibətlərinin müasir dövrdə formalaşmasının əsas memarıdır. Onun uzaqgörən və
praqmatik xarici siyasət kursu nəticəsində iki ölkə arasında münasibətlər sadə
qonşuluq çərçivəsindən çıxaraq daha da inkişaf etmişdir. Ulu Öndər tərəfindən əsası
qoyulan enerji və nəqliyyat strategiyası regionda qarşılıqlı asılılığa əsaslanan
əməkdaşlıq modelini formalaşdıraraq bu əlaqələri davamlı və dönməz etmişdir. O,
həmçinin dövlət səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi yolu ilə
siyasi dialoqu sistemli xarakterə çevirmiş və tərəflər arasında yüksək etimad
mühitinin bərqərar olmasını təmin etmişdir. Bu strateji xətt bu gün də Azərbaycan-Gürcüstan
münasibətlərinin dərinləşməsində fundamental ideoloji və siyasi baza kimi öz
aktuallığını qoruyur. Bu gün bu strateji xətt Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilirək inkişaf edir.
Dövlət səviyyəli təmaslardan bəhs edərkən qeyd etmək
lazımdır ki, regionda sabitliyin qorunması və təhlükəsizlik məsələlərində
koordinasiyanın gücləndirilməsinə şərait yaradır. Qarşılıqlı səfərlər həm də
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və ortaq
maraqların müdafiəsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı,
bu görüşlər iqtisadi inteqrasiyanın sürətlənməsinə və investisiya mühitinin
daha da yaxşılaşmasına müsbət təsir göstərir. Siyasi iradənin yüksək səviyyədə
nümayiş etdirilməsi tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter almasını təmin
edən əsas faktorlardan biridir. Azərbaycan-Gürcüstan münasibətlərində dövlət səviyyəli
səfərlər əməkdaşlığın strateji mahiyyətini gücləndirən və onun gələcək inkişaf
istiqamətlərini müəyyən edən əsas mexanizmlərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyev-in 2026-cı il aprelin 6-da
Gürcüstana həyata keçirdiyi səfər çərçivəsində səsləndirdiyi bəyanat iki ölkə
arasında münasibətlərin yalnız cari vəziyyətini deyil, həm də gələcək inkişaf
trayektoriyasını aydın şəkildə ortaya qoydu. Bu çıxış bir daha təsdiqlədi ki,
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq sırf diplomatik çərçivə ilə məhdudlaşmır,
əksinə, dərin tarixi köklərə və xalqlar arasında formalaşmış möhkəm mənəvi
bağlara əsaslanır. Əsrlər boyu qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri
üzərində qurulan bu münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə
yüksələrək region üçün sabitlik modeli rolunu oynayır.
Ölkə Başçısının çıxışında xüsusi vurğulanan məqamlardan
biri də Gürcüstanda formalaşmış siyasi sabitlik mühitinin iqtisadi inkişaf üçün
yaratdığı əlverişli şərait idi. Qeyd olunub ki, sabitlik daxili idarəetmənin nəticəsi
olmaqla yanaşı eyni zamanda xarici investorların etimadını qazanan əsas amillərdən
biridir. Bu kontekstdə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi böyük
həcmli sərmayələr təsadüfi deyil, məhz bu sabit mühitə olan inamın real göstəricisidir.
Bu yanaşma onu deməyə əsas verir ki, iqtisadi tərəqqi və siyasi sabitlik
paralel şəkildə inkişaf edən və bir-birini tamamlayan proseslərdir.
Bununla yanaşı, beynəlxalq platformalarda iki ölkənin
nümayiş etdirdiyi həmrəylik xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstan
suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental
prinsiplər ətrafında vahid mövqe nümayiş etdirərək beynəlxalq münasibətlər
sistemində etibarlı tərəfdaşlar kimi çıxış edirlər. Bu koordinasiya edilmiş
siyasət regionda balansın qorunmasına və qarşılıqlı dəstəyin daha da güclənməsinə
xidmət edir.
İqtisadi əməkdaşlıq müstəvisində əldə olunan nəticələr
isə bu strateji tərəfdaşlığın konkret və praktik nəticələrini əks etdirir.
Ticarət dövriyyəsinin davamlı artımı, enerji və infrastruktur layihələrinə
yatırılan investisiyalar, xüsusilə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi
milyardlarla dollar həcmində sərmayə iki ölkə arasında inteqrasiyanın yüksək səviyyədə
olduğunu sübut edir. Eyni zamanda üçüncü ölkələrdə birgə investisiya təşəbbüslərinin
gündəmə gətirilməsi əməkdaşlığın artıq regional çərçivədən çıxaraq daha geniş
coğrafiyanı əhatə etməyə başladığını göstərir.
Regionda
formalaşan yeni geosiyasi reallıqlar fonunda bu əməkdaşlıq daha da aktuallaşır.
Cənubi Qafqaz artıq uzun illər davam edən münaqişələrdən sonra yeni mərhələyə qədəm
qoyaraq əməkdaşlıq və inkişaf məkanına çevrilməkdədir. Bu prosesdə Gürcüstanın
oynadığı rol xüsusi vurğulanır. Eyni zamanda Ermənistan ilə münasibətlərin
normallaşdırılması istiqamətində iqtisadi əlaqələrin, xüsusilə ticarət və
qarşılıqlı faydalı layihələrin ön plana çəkilməsi sülhün möhkəmləndirilməsi
üçün mühüm vasitə kimi qiymətləndirilir. Bu yanaşma göstərir ki, iqtisadi
inteqrasiya siyasi sabitliyin təmin olunmasında əsas mexanizmlərdən biridir.
Enerji
və nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı layihələr isə Azərbaycan-Gürcüstan
tərəfdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan
neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi təşəbbüslər bütövlükdə
Avrasiya məkanında enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının şaxələndirilməsi
baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə Azərbaycan və
Gürcüstan qlobal iqtisadi sistemdə tranzit və enerji mərkəzləri kimi mövqelərini
möhkəmləndirirlər.
Bütün
bu faktorlar göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri artıq klassik tərəfdaşlıq
modelindən çıxaraq çoxşaxəli strateji ittifaq səviyyəsinə yüksəlib. Bu ittifaq
yalnız iqtisadi və siyasi maraqlara deyil, həm də ortaq dəyərlərə və qarşılıqlı
etimada əsaslanır. Müasir dövrdə belə bir əməkdaşlıq modeli region üçün
sabitlik və inkişaf nümunəsi kimi çıxış edir.
Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin səfəri və səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan ilə Gürcüstan arasında qurulmuş münasibətlər davamlı inkişaf xətti üzrə irəliləyir. Mövcud dinamika, yeni iqtisadi təşəbbüslər və siyasi koordinasiya bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini və Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın əsas dayaqlarından biri olaraq qalacağını qəti şəkildə göstərir.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri