Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Manset.az-a XİN-dən məlumat verilib.
Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb.
Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub.
Nazir Ceyhun Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.
Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.