15 aprel tarixi Azərbaycan tibb elminin görkəmli nümayəndəsi,
tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu əlamətdar
gün münasibətilə Azərbaycan xalqı onun zəngin elmi irsini, mənalı həyat yolunu
və milli səhiyyənin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiramla yad
edir.
Akademik Zərifə
Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində
anadan olmuşdur. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi onun
dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
1947-ci
ildə Azərbaycan Dövlət Tibb İnstitutunu uğurla bitirən Zərifə Əliyeva sonradan
Moskvada təhsilini davam etdirərək peşəkar həkim və alim kimi formalaşmışdır.
O, 1949-cu ildən etibarən elmi fəaliyyətə başlayaraq bütün həyatını
oftalmologiya sahəsinə həsr etmişdir.
Zərifə
Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Onun elmi tədqiqatları əsasən traxoma və
peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və
müalicəsinə həsr olunmuşdur. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi
işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin
biliklərinin genişlənməsinə kömək etmişdir.
Alim
1940–1950-ci illərdə geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində böyük nəticələr əldə etmiş, bu sahədə effektiv
müalicə metodları işləyib hazırlamışdır. Onun təklif etdiyi yanaşmalar
respublikada bu xəstəliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynamışdır.
Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə
bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə
xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir
və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə
Əliyeva həmçinin dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını
sistemli şəkildə araşdırmış və bu sahədə elmi istiqamətin – peşə
oftalmologiyasının əsasını qoymuşdur. O, 150-yə yaxın elmi əsərin, 12
monoqrafiyanın müəllifi olmuşdur.
Zərifə
xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan
traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız
çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər
və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik
ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. O, yalnız alim kimi deyil, həm də ictimai xadim kimi fəal
olmuş, müxtəlif elmi və ictimai təşkilatların üzvü kimi səhiyyənin inkişafına
xidmət etmişdir.
Çoxillik
müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım
Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın
bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda
yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən
birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda
müdafiə etmişdir.
Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur.
Görkəmli alimin 1983-cü ildə nəzəri
və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə
praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması
yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi.
Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşmüşdür. Onun elmi fəaliyyətinə
yüksək qiymət verilmiş, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Averbax
adına mükafatına layiq görülmüşdür.
1946-cı
ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir.
Zərifə
Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı
olmuş, onun siyasi fəaliyyətində mənəvi dayaq rolunu oynamışdır. O, yüksək
intellekti, zəngin mənəvi keyfiyyətləri və humanizmi ilə cəmiyyətin dərin hörmətini
qazanmışdır.
Akademik Zərifə
Əliyeva 15 aprel 1985-ci ildə Moskvada vəfat etmişdir. Onun xatirəsi bu gün də
Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anılır. Onun adı Azərbaycan səhiyyəsinin
inkişafı, tibbi elmin tərəqqisi və insanlara xidmət nümunəsi kimi tarixə həkk
olunmuşdur.
Akademik Zərifə
Əliyevanın həyat yolu və elmi fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. Onun
oftalmologiya sahəsində qazandığı uğurlar, humanist dəyərlərə əsaslanan fəaliyyəti
və milli səhiyyəyə verdiyi töhfələr Azərbaycan elminin qızıl səhifələrindən
birini təşkil edir. Bu gün onun əziz
xatirəsi dərin ehtiramla yad edilir, irsi isə yaşayır və gələcək nəsillərə
ilham verməyə davam edir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı