Nizami Rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” ili çərçivəsində 14 aprel 2026-cı il tarixində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə qonaqlar, Milli Məclisin deputatları,
tanınmış memarlar, habelə geniş rayon ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
İlk öncə tədbir iştirakçıları “Ulu Öndər Heydər
Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda foto-sərgiylə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayan tədbirdə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın
memarlıq irsi” video-filmi nümayiş olunub.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma
Baş İdarəsinin rəisi Read Qasımov, Milli Məclisin deputatları Könül Nurullayeva
və Aydın Hüseynov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru
Sabir Məmmədov tədbirdə çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanın şəhərsalma və
memarlığının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixən təşəkkül
tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə
bağlı Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata
keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış,
memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar
qurulmuşdur.
Memarlıq abidələrini
xalqımızın qədimliyinin sübutu və tariximizin daşlaşmış yaddaşı, memarlıq sənətini
isə Azərbaycan xalqının mədəniyyətini, zövqünü, mənəviyyatını özündə əks etdirən
çox qiymətli bir sahə hesab edən Ümummilli Lider Heydər Əliyevin memarlıq irsi müasir
Azərbaycanın simasını müəyyənləşdirən böyük bir quruculuq məktəbidir.
Vurğulanıb ki, milli memarlığa Ulu Öndərin fenomenal
qayğı ənənəsi bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir. Xüsusilə erməni işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimizin yenidən
qurulması, tarixi-memarlıq irsimizin bərpası geniş vüsət alıb. Qarabağın və Şərqi
Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni
texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi
ilə gerçəkləşir. Abidələrin ilkin siması özünə qaytarılır, məhz dünənlə bu
günün arxitektura vəhdətində XXI əsrin yeni Azərbaycan kənd və şəhərlərinin
obrazı yaradılır. Qürur doğuran bu milli təəssübkeşliyin kökündə isə Ulu Öndərin
milli-mənəvi dəyərlərimizə, maddi mədəniyyətimizə böyük məhəbbəti dayanır.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi qərarı isə Azərbaycanın
dayanıqlı şəhərsalma və qlobal urbanizasiya sahəsindəki artan rolunun, habelə
beynəlxalq nüfuzunun təsdiqi, eyni zamanda ölkəmizin uğurlu şəhərsalma siyasətinin
və dayanıqlı inkişaf töhfələrinin yüksək qiymətləndirilməsidir.