“Başa düşürük ki, ölkələr arasında imzalanan sənədlər yalnız kağız üzərində qalmamalıdır”.
Manset.az xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hacıyev qeyd edib ki, artıq praktiki hərəkətlərə keçməyin zamanı yetişib:
“Azərbaycan artıq praktik addımlar atıb və biz sülh gündəliyini praktikada həyata keçirmək, onu gücləndirmək və iki ölkə arasında etimad yaratmaq üçün ilkin şərtlər yaradacaq konkret hərəkətlərə çevirmək üçün Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq edirik.
Biz, həmçinin, hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqələr qurmaq üçün çalışırıq. Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri də başlayıb. Bu, bir neçə il əvvəl mümkünsüz bir şey olardı, amma indi reallıqdır.
Azərbaycanın Ermənistana ixrac etdiyi neft məhsullarının həcminin son zamanlar artması buna əyani sübutdur.
Biz Ermənistandan müəyyən malların idxal edilməsi imkanlarını da nəzərdən keçiririk”.