"Azərbaycan-Latviya əlaqələri strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edir"

15:57 - 23 Aprel 2026

\"Azərbaycan-Latviya əlaqələri strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edir\"

"Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Latviya münasibətlərinin hazırkı səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu bəyanat həm siyasi dialoqun dərinliyini, həm də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı əks etdirən mühüm mesajlarla zəngindir".


Bu barədə Manset.az-a açıqlamasından Milli Məclisin deputatı Vasif Qafarov bildirib. Onun sözlərinə görə, dövlət başçısının bu səfərin ikitərəfli münasibətləri daha da gücləndirəcəyinə dair əminliyi təsadüfi deyil:

"Azərbaycan və Latviya arasında doqquz il əvvəl imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə artıq özünü praktik müstəvidə doğruldub, iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə qalxmasına hüquqi və siyasi zəmin yaradıb. Bu sənəd əsasında tərəflərin müxtəlif sahələrdə əməkdaşlığı sistemli şəkildə inkişaf etdirməsi onların uzunmüddətli strateji baxışının göstəricisidir.

Xüsusi diqqət çəkən məqamlardan biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlardır. Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası, eləcə də Bakıda təşkil olunan biznes-forum əməkdaşlığın konkret layihələr və investisiya təşəbbüsləri ilə zənginləşdirilməsi baxımından mühüm platformalar kimi çıxış edir. Prezidentin vurğuladığı kimi, qarşılıqlı sərmayələr və birgə istehsal imkanları həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də ticarət dövriyyəsinin artırılmasına real töhfə verə bilər. Bu isə indiyədək müəyyən qədər məhdud olan iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün əlverişli zəmin yaradır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdən biri kimi ön plana çıxır. Bakı ilə Riqa arasında birbaşa uçuşların təşkili məsələsinin gündəmə gətirilməsi ölkələr arasında əlaqələrin intensivliyini artırmaqla yanaşı, biznes və turizm əlaqələrinin inkişafına da müsbət təsir göstərə bilər. Xüsusilə mövcud qlobal çağırışlar fonunda Azərbaycanın aviasiya imkanlarının sabitliyi bu sahədə əlavə üstünlük kimi qiymətləndirilə bilər".

Millət vəkilinin sözlərinə görə, humanitar sahədə əlaqələr isə münasibətlərin davamlılığını təmin edən əsas sütunlardan biridir:

"Latviyada təhsil alan 450-dən çox azərbaycanlı tələbə iki ölkə arasında mədəni və intellektual körpünün formalaşmasına xidmət edir. Bu amil gələcəkdə də əməkdaşlığın dərinləşməsi üçün mühüm sosial baza rolunu oynayır.

Bəyanatda regional və beynəlxalq məsələlərə toxunulması isə Azərbaycan diplomatiyasının açıq və konstruktiv mövqeyini nümayiş etdirir. Bəyanatda Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə edilən müsbət dinamika və faktiki sülh mühitinin formalaşması da diqqətə çatdırıldı. Bu, təkcə region üçün deyil, daha geniş coğrafiyada sabitliyin təmin olunması baxımından da əhəmiyyətli nümunə kimi təqdim edildi. Prezidentin vurğuladığı siyasi iradə və strateji baxışların rolu müasir beynəlxalq münasibətlər sistemində sülhün əldə olunmasının əsas şərtlərindən biri kimi çıxış edir.

Nəhayət, dövlət başçılarının şəxsi münasibətlərinin yüksək səviyyədə olması da ikitərəfli əlaqələrin inkişafına əlavə dinamika verir. Uzun illərə söykənən qarşılıqlı etimad və dostluq münasibətləri siyasi dialoqun səmərəliliyini artıraraq qəbul olunan qərarların daha operativ və effektiv həyata keçirilməsinə imkan yaradır.

Ümumilikdə, Latviya Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində verilən bəyanatlar Azərbaycan–Latviya münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu və gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bir daha təsdiqləyir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az