Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş güləş
üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən milli komanda üzvləri və
onların məşqçiləri ilə keçirdiyi görüşdə yunan-roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə Avropa çempionu olan və
müxtəlif medallar qazanan idmançılar iştirak ediblər.
Görüş zamanı Dövlət Başçısı Azərbaycan milli komandasının əldə etdiyi nəticələri yüksək
qiymətləndirərək bildirmişdir ki, Avropa çempionatında komanda hesabında birinci yerə yüksəlmək böyük
nailiyyətdir. Müasir dövrdə güləş üzrə rəqabət daha da güclənib və bu şəraitdə əldə olunan
qələbə idmançılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini bir daha sübut
edir.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan güləş məktəbi zəngin ənənələrə malikdir və bu ənənələr
uğurla davam etdirilir. O, xüsusilə gənc idmançıların da böyük nəticələr
qazanmasını müsbət hal kimi qiymətləndirərək, ölkədə seleksiya və məşq
prosesinin düzgün qurulduğunu diqqətə çatdırıb.
İdmanın cəmiyyətimiz üçün əhəmiyyətini nəzərə alaraq, qeyd etmək olar ki, beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi
doğurur və bu uğurlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol
oynayır. Son illərdə ölkəmizdə idman sahəsində əldə olunan nailiyyətlər olduqca qürurlu və sevindiricidir.
Bundan başqa güləş federasiyasının və məşqçilərin fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Federasiyanın rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar
qazanmış tanınmış idmançıların təmsil olunması bu sahənin inkişafına müsbət təsir
göstərir.
Keçirilmiş Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda
hesabında birinci yerin qazanılması xüsusi əhəmiyyət kəsb edir və bu nəticə Azərbaycanın
beynəlxalq idman arenasındakı mövqeyini daha da möhkəmləndirir.
Həm
Olimpiya Oyunlarında, həm də dünya və avropa
çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Uğurlarımızla bərabər məğlubiyyətlər də olsa da, idmançılarımızda qələbə
əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir.
Azərbaycanın idman sahəsində böyük təcrübələri vardır. Belə ki, ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi
Oyunları kimi çox böyük beynəlxalq yarışlar keçirilmişdir. Eləcə də ötən il MDB
oyunları ölkəmizin müxtəlif bölgələrində keçirilmişdir. Bu hal onu göstərir ki,
Azərbaycanda idman sahəsində çox güclü potensial var və idmana, idmançılara
qayğı dövlət siyasətidir.
Oğlan idmançılarla yanaşı qız güləşçilərin də medalçılar arasında
olmaları çox sevindirici və müsbət haldır ki, bu da qızlar arasında gənc nəslin
güləşə böyük maraq göstərdiyindən xəbər verir.
Azərbaycanın bütün idman sahələri hər zaman
Ölkə Başçısının diqqət mərkəzində olub və bu idman sahələrində uğur qazanan və
ölkəmizin bayrağını dünya idman arenasında dalğalandıran idmançılarımıza daim
qayğı və hörmət nümayiş etdirilib. Ümid edirik ki, ölkə rəhbərinin diqqəti və
qayğısı idmançılarımızı bir daha motivasiya edərək, onların gələcək yarışlarda
da uğur qazanacaqlarına zəmin yaradacaqdır.
Pərvanə Vəliyeva
Milli
Məclisin deputatı