Nizami rayonunda Heydər Əliyevin 103-cü ildönümü qeyd edildi - FOTOLAR

16:09 - 08 May 2026

Nizami rayonunda Heydər Əliyevin 103-cü ildönümü qeyd edildi - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi və müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi” mövzusunda tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, geniş rayon ictimaiyyətinin nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, gənclər iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən video-film nümayiş olunub.

Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tədbirdə çıxış ediblər.

Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi və xilaskarı, xalqımızın Ümummulli Lideri Heydər Əliyevin anadan olduğu gün, tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış əlamətdar bir gündür və xalqımız bu əlamətdar günü böyük təntənə və ümumxalq sevgisi ilə qeyd edir. Ulu Öndər Heydər Əliyevin ömür yolu Azərbaycanın müasir tarixinin özü, müasir Azərbaycan isə Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Müstəqil Azərbaycan Heydər Əliyevin ən böyük Şah əsəri, indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Müasir Azərbaycanın ən yeni tarixini yaradan və yazan bütün dövrlərin ən böyük Azərbaycanlısı xalqının Ümummilli Lideri olaraq hər bir azərbaycanlının qəlbində Heydər Əliyev ölməzliyini yaratdı. Hələ sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Vurğulanıb ki, Ulu Öndərin azad Qarabağ və tam müstəqil Azərbaycan arzularını, müqəddəs Ata vəsiyyətini şərəf və ləyaqətlə yerinə yetirən, şanlı Zəfər qalibiyyətini yazan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil və yeni Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin siyasi xətti çox uğurla davam etdirilir, qazanılan bütün uğurların və qələbələrin əsasını Ulu Öndərin ölməz ideyaları təşkil edir, ondan qaynaqlanır.

Tədbir bədii hissə ilə davam edib, tanınmış incəsənət nümayəndələrinin ifalarında Ulu Öndərin sevimli mahnıları səsləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az