"İlham Əliyevin Zəngilandakı çıxışı mühüm mesajlarla zəngin idi" – Deputat 

17:25 - 13 May 2026

\"İlham Əliyevin Zəngilandakı çıxışı mühüm mesajlarla zəngin idi\" – Deputat 

Prezident İlham Əliyevin Zəngilana səfəri və sakinlərlə görüşü Azərbaycanın regional gücünü bir daha təsdiqləyir.


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Zəngilanda sakinlərlə görüşü və səsləndirdiyi fikirlər sadəcə bir rayonun inkişafı haqqında deyil, Azərbaycan dövlətinin strateji baxışının, qurucu missiyasının və regionda yaratdığı yeni reallıqların ən aydın ifadəsidir:

“İşğal dövründə Ermənistanın dağıdıb talan etdiyi, meşələrini məhv etdiyi, ekoloji terror törətdiyi Zəngilan bu gün tam əksinə – sürətli bərpa, müasir infrastruktur və böyük geosiyasi layihələrin mərkəzinə çevrilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngilan təkcə Azərbaycanın deyil, bütün regionun nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcək”.

Deputat bildirib ki, Zəngəzur dəhlizi, yeni dəmir yolu xətləri, beynəlxalq hava limanı və digər layihələr bu rayonun coğrafi üstünlüyünü tam reallaşdırır.

O qeyd edib ki, Azərbaycanın qurucu və yaradıcı xarakteri burada ən bariz şəkildə görünür:

“Düşmən dağıdanda biz qururuq, talan edəndə biz bərpa edirik, nifrət toxumları səpəndə biz sülh və əməkdaşlıq təklif edirik. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları, müasir memarlıq üslubları, yaşıl enerji layihələri və Böyük Qayıdış proqramı bunun ən gözəl nümunəsidir”.

A.Həsənova bildirib ki, tarixi yaddaşla müasir siyasətin birləşməsi də diqqətçəkəndir:

“Prezident İlham Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin mirasını, xalq-iqtidar birliyini, 2020-ci il Zəfərini və 2023-cü il antiterror tədbirlərini vahid məntiqi zəncir kimi təqdim etdi. Bu, sadəcə keçmişə hörmət deyil, gələcəyə inamın nümunəsidir. Eyni zamanda, regionda hələ də nifrət siyasəti aparan qüvvələrə qarşı ayıqlıq çağırışı da çox vacibdir. Azərbaycan sülh istəyir, amma təhlükəsizliyini və suverenliyini heç vaxt güzəştə getməyəcək. Beynəlxalq hörmətin artması da məhz bu ləyaqətli, sözü-əməli bir siyasətin nəticəsidir”.

Deputat qeyd edib ki, Zəngilan artıq sadəcə azad edilmiş rayon deyil – o, Azərbaycanın qalib və qurucu dövlət kimi yeni regional rolunun simvoluna çevrilib:

“Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi ədalətin bərpası, həm də gələcəyin quruculuğu baxımından əsl manifestdir. Bu proses davam edəcək və Azərbaycan öz torpaqlarında, öz iradəsi ilə daha da güclü, daha da müasir və daha da firavan gələcək quracaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az