"Şəhərsalma və davamlı inkişaf Azərbaycanın strateji prioritetidir"

17:00 - 19 May 2026

\"Şəhərsalma və davamlı inkişaf Azərbaycanın strateji prioritetidir\"

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünya miqyasında böyük maraq və diqqətlə qarşılanır. Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin yüksək beynəlxalq nüfuzunu və Azərbaycanın qlobal platformalarda getdikcə artan rolunu aydın şəkildə nümayiş etdirir. Bu möhtəşəm tədbir COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir olmaqla Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi çəkisinin göstəricisidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçı dövlət kimi qəbul olunur.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı etdiyi çıxışında müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini və tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısının çıxışı yalnız şəhərsalma məsələlərinə deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşdiyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu unikal xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakının timsalında qədimliklə müasirliyin harmonik vəhdəti açıq şəkildə müşahidə olunur. İçərişəhər kimi qədim memarlıq məkanları ilə müasir urbanizasiya layihələrinin yanaşı mövcudluğu Azərbaycanın tarixi irsə həssas və məsuliyyətli münasibətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi isə paytaxtın müasir inkişaf modelinin və uğurlu şəhərsalma siyasətinin simvoluna çevrilib. Qədim Azərbaycan memarlığı yalnız estetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Lahıc kəndində yüzillər əvvəl yaradılmış kanalizasiya və su sistemlərinin bu gün də işlək vəziyyətdə olması əcdadlarımızın yüksək mühəndislik təfəkkürünün, texniki biliklərinin və uzaqgörən şəhərsalma mədəniyyətinin nadir nümunəsidir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə malik olduğunu bir daha təsdiqləyir.

Azərbaycan 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndi şəhərlərində milli şəhərsalma forumları keçirir. Bu tədbirlər işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının beynəlxalq təcrübə və müasir urbanizasiya prinsipləri əsasında həyata keçirilməsinə mühüm töhfə verir. 30 ilə yaxın erməni işğalı altında qalan Azərbaycan torpaqları tamamilə dağıdılıb, şəhər və kəndlər viran qoyulub, tarixi və dini abidələr məhv edilib. Xüsusilə Ağdam şəhərinin beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması erməni vandalizminin miqyasını və işğalın ağır nəticələrini açıq şəkildə nümayiş etdirir. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir şəhərsalma konsepsiyalarına uyğun yeni yaşayış məntəqələri salınır. Böyük Qayıdış Proqramı uğurla icra olunur və bu proqram postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi ən mühüm strateji layihələrdəndir. Son beş ildə işğaldan azad olunmuş ərazilərdə onlarla tunel, yüzlərlə körpü, beynəlxalq hava limanları, məktəblər, xəstəxanalar, enerji və nəqliyyat infrastrukturu inşa olunub. Artıq 85 mindən çox azərbaycanlı öz doğma torpaqlarına qayıdaraq həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır. Bu proses yalnız fiziki infrastrukturun bərpası deyil, eyni zamanda insanların fundamental hüquqlarının bərpasına, sosial rifahın təmin olunmasına və regionun dayanıqlı inkişafına xidmət edən böyük humanitar missiyadır.

Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr yalnız infrastrukturun yenilənməsinə deyil, eyni zamanda insanların rifahının yüksəldilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün sağlam urbanizasiya mühitinin yaradılmasına xidmət edir.

Vasif Qafarov

Milli Məclisin deputatı



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az