Müasir dövrdə şəhərsalma binaların və yolların inşası ilə məhdudlaşmayan, dövlətlərin iqtisadi gücünü, sosial rifahını, milli təhlükəsizliyini və mədəni kimliyini müəyyən edən mühüm strateji istiqamətlərdən birinə çevrilmişdir.
XXI əsrin sürətlə urbanizasiya olunan dünyasında şəhərlərin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, insan yönümlü infrastrukturun yaradılması və tarixi-mədəni irsin mühafizəsi qlobal gündəliyin əsas prioritetləri sırasındadır. Belə bir dövrdə BMT-nin Məskunlaşma Proqramı çərçivəsində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda, xüsusilə Bakı şəhərində təşkil olunması ölkəmizin beynəlxalq nüfuzunun, artan siyasi çəkisinin və şəhərsalma sahəsində qazandığı uğurların mühüm göstəricisi kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Forumun açılış mərasimində
etdiyi geniş və məzmunlu çıxış müasir urbanizasiya prosesinə dair mühüm strateji baxış idi. Dövlət başçısının
çıxışında qədim irslə müasirliyin uzlaşdırılması, dayanıqlı inkişafın təmin
olunması, postmünaqişə dövründə yenidənqurma siyasəti və insan amilinin
prioritetliyi kimi vacib məsələlər xüsusi yer tuturdu. Prezident İlham Əliyevin
nitqi göstərdi ki, Azərbaycan şəhərsalmanı dövlətçilik ideologiyasının, milli
inkişaf modelinin və sosial rifah siyasətinin mühüm tərkib hissəsi kimi qəbul
edir. Forumun Bakıda keçirilməsi
ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının nəticəsi
idi. Son
illərdə ölkəmiz mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı platformaya
çevrilmişdir. COP29 kimi qlobal əhəmiyyətli tədbirdən sonra Ümumdünya Şəhərsalma
Forumunun da Azərbaycana həvalə olunması dünya birliyinin ölkəmizə olan yüksək
etimadının göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 182 ölkədən
45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Forumun miqyasını və əhəmiyyətini
açıq şəkildə nümayiş etdirirdi.
Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu mühüm
sivilizasiya mərkəzi olmuşdur. Bu xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma
ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakı şəhəri bu vəhdətin ən
parlaq nümunəsidir. Bir tərəfdə minillik tarixə malik İçərişəhər, digər tərəfdə
isə müasir memarlıq üslubunda inşa edilmiş urbanistik layihələr Azərbaycanın qədimliklə
yeniliyi uğurla birləşdirdiyini göstərir. Bakının qədim qala divarlarından bir
addımlıq məsafədə müasir şəhər infrastrukturu yerləşir və bu harmoniya şəhərsalma
siyasətimizin əsas fəlsəfəsini təşkil edir.
Dövlət başçısının çıxışında Bakı Bulvarının genişləndirilməsi
xüsusi diqqət çəkirdi. Vaxtilə üç kilometrlik sahəni əhatə edən bulvarın bu gün
15 kilometrlik böyük dənizkənarı istirahət məkanına çevrilməsi şəhərin planlı
inkişafının və strateji yanaşmanın nəticəsidir. Eyni zamanda XIX əsr Avropa
memarlıq üslubunda tikilmiş binaların qorunması Azərbaycanın tarixi irsə həssas
münasibətini nümayiş etdirir. Forum çərçivəsində Prezident İlham Əliyevin “Şəhərsalma və Memarlıq
İli”nin elan olunması barədə fikirləri də xüsusi əhəmiyyət daşıyırdı. Bu qərar
Azərbaycanda şəhərsalma məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olduğunu göstərir. Şəhərlərin inkişafı, ekoloji təhlükəsizliyin təmin
olunması, müasir nəqliyyat sistemlərinin qurulması, ictimai məkanların genişləndirilməsi
və yaşıl zonaların artırılması dövlətin strateji hədəfləri sırasında yer alır. Azərbaycanın qədim şəhərləri və tarixi memarlıq
nümunələri Prezident İlham Əliyevin çıxışında mühüm yer tuturdu. Şamaxı,
Naxçıvan, Gəncə, Şəki, Qəbələ, Lahıc və Şuşa kimi şəhərlərin tarixindən danışan
dövlət başçısı Azərbaycanın zəngin mədəni irsə malik olduğunu xüsusi
vurğulayırdı.
Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi
Zəngəzurun yenidən qurulması prosesi xüsusi yer tuturdu. Ermənistanın 30
illik işğalı nəticəsində Azərbaycan şəhərlərinin tamamilə dağıdıldığı beynəlxalq
auditoriyanın diqqətinə çatdırıldı. Ağdamın “Qafqazın Xirosiması”
adlandırılması işğalın miqyasını və törədilmiş vandalizmi açıq şəkildə nümayiş
etdirirdi. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan
işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə
yanaşı,
eyni zamanda, müasir və dayanıqlı şəhərsalma modelini formalaşdırır. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən
layihələr müasir urbanizasiya prinsiplərinə əsaslanır. Yeni şəhər və kəndlərin
Baş planlarının hazırlanması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının
tətbiqi, yaşıl enerji zonalarının yaradılması Azərbaycanın gələcəyə hesablanmış
inkişaf modelindən xəbər verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cəmi
beş il ərzində onlarla tunelin, yüzlərlə körpünün, beynəlxalq hava
limanlarının, məktəblərin, xəstəxanaların və digər mühüm infrastruktur obyektlərinin
tikilməsi Azərbaycanın iqtisadi potensialını və təşkilati imkanlarını nümayiş
etdirir.
Şəhərsalma prosesində ekoloji məsələlər də Prezident
İlham Əliyevin çıxışında mühüm yer tuturdu. Bakı şəhərinin uzun illər neft
hasilatı səbəbindən ciddi ekoloji problemlərlə üzləşdiyini bildirən dövlət
başçısı son illərdə həyata keçirilən layihələrin ətraf mühitin qorunmasına xidmət
etdiyini vurğulayırdı. Vaxtilə ağır sənaye tullantıları ilə çirklənmiş Qara şəhərin
bu gün müasir Ağ şəhərə çevrilməsi urbanistik transformasiyanın ən uğurlu nümunələrindən
biridir. Şəhərsalmanın memarlıq və iqtisadi inkişaf məsələsi
olmadığını, həm də insan rahatlığı və sosial rifah amili ilə bağlı olduğunu
xüsusi qeyd edildi. Son 20 ildə Bakıda yüzdən artıq parkın və ictimai məkanın
salınması insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müasir
ictimai nəqliyyat sistemi, elektrik avtobusları, metro şəbəkəsinin genişləndirilməsi
və mikromobillik imkanlarının artırılması paytaxtın dayanıqlı inkişaf modelinə
keçidini göstərir.
Forum çərçivəsində Prezident İlham Əliyevin Formula 1
yarışını şəhərsalma ilə müqayisə etməsi olduqca maraqlı siyasi-fəlsəfi yanaşma
idi. Dövlət başçısı bildirdi ki, liderlər sürətli inkişafla tarixi irsin
qorunması arasında düzgün balans qurmalıdırlar. Necə ki, Formula 1 pilotları
yüksək sürətlə hərəkət etdikdən sonra dar küçələrdə ehtiyatla idarəetmə həyata
keçirirlər, dövlət rəhbərləri də modernləşmə ilə milli-mədəni irsin qorunması
arasında tarazlığı təmin etməlidirlər.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın
beynəlxalq humanitar və intellektual mərkəz kimi rolunu daha da gücləndirdi.
Forum müxtəlif ölkələrdən gəlmiş ekspertlərin, memarların, urbanistlərin və
siyasətçilərin təcrübə mübadiləsi aparması üçün mühüm platforma oldu. Azərbaycanın
burada təqdim etdiyi inkişaf modeli postmünaqişə dövründə şəhərsalma və yenidənqurma
sahəsində beynəlxalq nümunə kimi qiymətləndirilə bilər. Azərbaycanın şəhərsalma siyasətində milli kimlik və
mədəni irsin qorunması xüsusi yer tutur. Dövlət başçısının vurğuladığı kimi,
xalqımız musiqisi, poeziyası və memarlıq irsi ilə fəxr edir. Tarixi abidələrin
bərpası, qədim şəhərlərin qorunması və milli memarlıq ənənələrinin yaşadılması
dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Forumun keçirilməsi Azərbaycanın yumşaq güc siyasətinin
də mühüm elementidir. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etməklə
özünün tolerantlıq, multikulturalizm və sivilizasiyalararası dialoq məkanı
olduğunu bir daha nümayiş etdirir. Bakı enerji və iqtisadiyyat mərkəzi olmaqla bərabər beynəlxalq diplomatiyanın, humanitar əməkdaşlığın
və qlobal ideya mübadiləsinin vacib platformasına çevrilmişdir. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan
şəhərsalma siyasətində bu günü deyil, gələcək nəsilləri də düşünür. Tarixi
irsin qorunması, yaşıl enerji layihələrinin genişləndirilməsi, insan yönümlü şəhər
konsepsiyalarının tətbiqi və sosial rifahın yüksəldilməsi gələcək inkişaf
strategiyasının əsas istiqamətləridir.
Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, urbanizasiya sahəsində
qazandığı uğurların və dövlətimizin strateji baxışının mühüm göstəricisinə
çevrildi. Prezident İlham Əliyevin çıxışı isə müasir şəhərsalma ideyasının, milli inkişaf modelinin və Azərbaycanın gələcək inkişaf strategiyasının dolğun ifadəsi kimi tarixə düşdü. Bu
Forum bir daha sübut etdi ki, Azərbaycan dünyanın mühüm şəhərsalma və inkişaf mərkəzlərindən
birinə çevrilməkdədir.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri