Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə əməkdaşlıqda “Sabah”
Futbol Klubunun aşağı yaş qruplarından olan futbolçuları və məşqçiləri üçün
“Uşaq hüquqlarının müdafiəsi: bərabərliyin və təhlükəsiz idman mühitinin təşviqi”
mövzusunda təlim keçirilib.
Manset.az-ın məlumatına görə, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun
böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək, idman sahəsində
uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, məşqçi və uşaqlar arasında sağlam
ünsiyyətin qurulması, etik davranış prinsipləri, uşaqlar arasında zorakılıq
hallarının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə və təhlükəsiz idman
mühitinin yaradılması istiqamətində geniş məlumat verib.
Bununla yanaşı, təlim
zamanı iştirakçılara idman mühitində uşaqların hüquqlarının pozulmasına səbəb
ola biləcək real situasiyalar əsasında praktiki nümunələr təqdim edilib, belə
hallarda düzgün yanaşma və davranış qaydaları izah olunub, uşaqların
hüquqlarının qorunmasına xidmət edən hüquqi müdafiə mexanizmləri, o cümlədən
Ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri
barədə ətraflı məlumat verilib.
Təlimin sonunda məşqçi və uşaqların mövzu ilə bağlı fikirləri
dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.