"Azərbaycan müxtəlif geosiyasi mərkəzlərlə əməkdaşlıq modelini uğurla qurub"

22:12 - 02 İyun 2026

\"Azərbaycan müxtəlif geosiyasi mərkəzlərlə əməkdaşlıq modelini uğurla qurub\"

"Bu il Bakı Enerji Həftəsinə ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi müraciətlər ünvanlaması təsadüfi hadisə deyil. Bu, ilk növbədə Azərbaycanın beynəlxalq enerji siyasətində qazandığı etimadın, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun və strateji tərəfdaş kimi nüfuzunun göstəricisidir. Dünyanın aparıcı siyasi liderlərinin Bakı Enerji Həftəsi kimi platformaya diqqət ayırması Azərbaycanın enerji sahəsində təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan aktora çevrildiyini təsdiqləyir. Bu müraciətlər həm də onu göstərir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusu əldə etmiş Azərbaycan müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini uğurla qurub".


Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. 

Onun sözlərinə görə, son illərdə dünyada neft və qaz sənayesinə qarşı geniş tənqid kampaniyaları aparılır, bəzi hallarda isə bu sahə demək olar ki, damğalanırdı:

"Lakin son geosiyasi hadisələr, enerji böhranları və təchizat zəncirlərində yaranan problemlər göstərdi ki, dünya hələ uzun illər faydalı qazıntılar olmadan yaşaya bilməz. Reallıq ondan ibarətdir ki, enerji keçidi mərhələli prosesdir və bu keçid emosiyalarla deyil, praqmatik yanaşma ilə idarə olunmalıdır. Enerji təhlükəsizliyi ilə iqlim məqsədləri arasında düzgün balansın qorunması müasir dövlətlərin əsas vəzifələrindən biridir. Azərbaycan məhz bu balanslaşdırılmış yanaşmanı nümayiş etdirir. Bir tərəfdən ölkə neft və qaz ehtiyatlarından səmərəli istifadə edir, digər tərəfdən isə günəş, külək və digər bərpaolunan enerji mənbələrinə milyardlarla dollar həcmində investisiyaların cəlb olunmasına şərait yaradır. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti göstərir ki, ənənəvi və yaşıl enerji bir-birini inkar edən deyil, tamamlayan istiqamətlərdir. Bu baxımdan ölkəmizin təcrübəsi bir çox dövlətlər üçün uğurlu nümunə hesab oluna bilər".


Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq enerji xəritəsində xüsusi yer tutur:

"Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr yalnız iqtisadi layihələr deyil, həm də enerji təhlükəsizliyi layihələridir. Xüsusilə, son illərdə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə olan ehtiyacının artması fonunda Azərbaycanın rolu daha da əhəmiyyətli olub. Azərbaycan artıq bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan birinə çevrilib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşan enerji layihələri regionda sabitliyin möhkəmlənməsinə, dövlətlər arasında qarşılıqlı asılılığın və əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycanın enerji diplomatiyası göstərir ki, təbii sərvətlər yalnız iqtisadi qazanc mənbəyi deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq, sabitlik və təhlükəsizlik amilidir.

Müstəqillik dövründə enerji layihələrindən əldə olunan gəlirlərin idarə olunması Azərbaycanın inkişaf modelinin ən mühüm xüsusiyyətlərindən biri olub. Neft və qaz gəlirlərinin böyük hissəsinin sosial infrastrukturun yenilənməsinə, yolların, məktəblərin, xəstəxanaların tikintisinə, təhsil və səhiyyə sisteminin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi ölkənin davamlı inkişafını təmin edib. Dövlət Neft Fondu vasitəsilə formalaşdırılan şəffaf və uzunmüddətli idarəetmə mexanizmi təbii sərvətlərin gələcək nəsillərin maraqları nəzərə alınmaqla istifadəsinə imkan yaradıb. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlər yalnız o zaman inkişaf amilinə çevrilə bilir ki, onlar milli maraqlara əsaslanan strateji siyasət çərçivəsində idarə olunsun. Bu model resurslarla zəngin olan bir çox ölkələr üçün vacib dərsdir. Çünki əsas məsələ sərvətlərin mövcudluğu deyil, həmin sərvətlərin dövlətçilik maraqlarına uyğun şəkildə xalqın rifahına və ölkənin gələcəyinə yönəldilməsidir.

Nəticə etibarilə, Azərbaycanın enerji siyasəti praqmatizm, milli maraqlar və məsuliyyətli idarəetmə prinsiplərinə söykənir. Dünya enerji sistemində baş verən dəyişikliklər fonunda ölkəmiz həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji keçidinin fəal iştirakçısı kimi çıxış edir. Məhz bu balanslaşdırılmış yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırır, iqtisadi dayanıqlığını möhkəmləndirir və regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az