logo
logo logo
logo

Dəmiryol nəqliyyatı ilə bağlı qaydalar təsdiqləndi

16:56 - 09 İyun 2026

Dəmiryol nəqliyyatı ilə bağlı qaydalar təsdiqləndi

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları” təsdiqlənib.


Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, infrastrukturun saxlanmasının və ondan istifadənin idarə olunması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi tərəfindən həyata keçirilir.

Dəmiryol nəqliyyatında fəaliyyətin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun texniki cəhətdən saz vəziyyətdə olması təmin edilməli, o cümlədən texniki baxışlar keçirilməli, təmir rejimlərinə, istismar qaydalarına riayət olunmalı, həmçinin ölçmə və nəzarət vasitələri daim işlək vəziyyətdə olmalıdır.

İnfrastrukturun saxlanmasında qabaqcıl təcrübədən istifadə edilməklə ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər.

İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər, o cümlədən infrastrukturun istifadəyə verilməsindən əldə edilən gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Ümumi istifadədə olan dəmiryol infrastrukturu ilə əlaqəli olan qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu həmin infrastrukturun sahibi tərəfindən saz vəziyyətdə saxlanılmalıdır.

İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir.

Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılır.

İnfrastrukturdan istifadəyə görə xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada infrastruktur sahibi ilə müvafiq olaraq daşıyıcı, yükgöndərən, yükalan və ekspeditor, qeyri-ümumi istifadəli dəmiryol sahibləri və digər fiziki və hüquqi şəxslər arasında bağlanılan müqavilə əsasında göstərilir.

İnfrastrukturdan istifadə edən subyektlər:

- infrastrukturdan istifadə qaydalarına və hərəkətin təhlükəsizliyi tələblərinə əməl etməli;

- ətraf mühitə zərər vuran fəaliyyətə yol verməməli;

- infrastrukturdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirməli;

- infrastrukturdan istifadə ilə bağlı zəruri məlumatları infrastruktur sahibinə düzgün və vaxtında verməlidir.

İnfrastrukturdan istifadə nəticəsində əldə olunan gəlirlər infrastruktur sahibinin sərəncamında saxlanılır və həmin vəsait müvafiq fəaliyyətin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az