İyunun
5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatının
təşəbbüsü ilə Qarabağa səfər təşkil olunub. Səfərdə təşkilatın sədri Bəxtiyar
Nəbiyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, sədr
müavinləri, fəal gənclər və könüllülər iştirak ediblər.
Manset.az xəbər verir ki, səfər çərçivəsində
nümayəndələr əvvəlcə Ağdam şəhərində olub, Ağdam Cümə Məscidini və Şəhidlər
Xiyabanını ziyarət ediblər. Daha sonra iştirakçılar tarixi-memarlıq
abidələrimizdən biri olan Əsgəran qalası ilə tanış olublar.
Səfərin növbəti
mərhələsində Şuşa şəhərinə gələn nümayəndələr şəhərin bir sıra yerlərini
ziyarət ediblər. Onlar Şuşa Bayraq Meydanında, Prezidentin Şuşa rayonunda
Xüsusi Nümayəndəliyinin inzibati binasında, Yuxarı Gövhər Ağa məscidində, Şuşa
qalasında və Cıdır düzündə olublar. İştirakçılara şəhərdə həyata keçirilən
genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi-mədəni irsin qorunması
istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Səfərin sonunda Xankəndi
şəhərinə gələn nümayəndələr Qarabağ Universitetinin fəaliyyəti və inkişaf
perspektivləri ilə yaxından tanış olublar. Daha sonra onlar Zəfər parkını,
Prezidentin Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyinin inzibati
binasını və Qarabağ stadionunu ziyarət ediblər.
Səfər iştirakçıları Qarabağda aparılan
genişmiqyaslı bərpa-quruculuq işlərini, regionun sosial-iqtisadi inkişafı
istiqamətində həyata keçirilən layihələri və tarixi-mədəni abidələrin bərpası
sahəsində görülən işləri yaxından müşahidə etmək imkanı əldə ediblər.