15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa
şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib
Ərdoğan tərəfindən imzalanmış, “Şuşa
Bəyannaməsi” iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni səviyyəyə - müttəfiqlik
səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi. Bu gün biz əminliklə deyə bilərik ki, dünyada elə iki dövlət
yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-biri ilə bu qədər yaxın dostluq və
qardaşlıq münasibətlərində olsun. Şuşa bəyannaməsi məhz, bu dostluq və
qardaşlığın institutsionallaşdırılması, “Bir millət, iki dövlət” prinsipinin
siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsi idi.
Bu Bəyannamənin məhz Şuşada imzalanması xüsusi məna kəsb
edir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində şəhərin
işğaldan azad edilməsindən sonra burada belə mühüm sənədin imzalanması ölkəmizin
ərazi bütövlüyünün bərpasının və regionda yaranmış yeni geosiyasi reallıqların
təsdiqi idi.
Şuşa Bəyannaməsində tərəflər qarşılıqlı maraq doğuran
beynəlxalq və regional məsələlər üzrə birgə fəaliyyət göstərmək, xarici siyasət
sahəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəlmişlər. Sənəddə
beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi
bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət öz əksini tapır.
Bəyannamənin ən mühüm müddəalarından biri hərbi
əməkdaşlıqla bağlıdır. Sənədə əsasən, tərəflərdən hər hansı birinin
müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya
təcavüz halında qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri dəstək
göstərəcəklər. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik
xarakterini açıq şəkildə nümayiş etdirir. Bununla yanaşı, müdafiə sənayesi,
hərbi təlimlər, silahlı qüvvələrin modernləşdirilməsi və təhlükəsizlik
sahəsində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Şuşa Bəyannaməsi
ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə
təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer
alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Şuşa Bəyannaməsində iqtisadi əlaqələrin
dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, ticarət
dövriyyəsinin genişləndirilməsi və nəqliyyat-logistika layihələrinin inkişaf
etdirilməsi mühüm yer tutur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində
əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti vurğulanmışdır.
Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu
prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni
iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır.
Regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin
yaradılması, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin
vacibliyi Bəyənnamədə önəmli yer alır. Bu
dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı,
siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan
aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir
yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar
respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq
ticarətə yeni imkanlar yaradacaq. Bu
layihənin Azərbaycan, Türkiyə və bütövlükdə region ölkələri, o cümlədən
Ermənistanla normallaşma kontekstində bu ölkə ilə iqtisadi əlaqələrin
genişlənməsinə töhfə verəcəyi şübhəsizdir.
Bəyənnamə həmçinin təhsil, elm, mədəniyyət, gənclər
siyasəti və idman sahələrində əməkdaşlığın inkişafını da əhatə edir. İki ölkə
arasında ortaq tarixi və mədəni irsin qorunması, türk dünyasının
inteqrasiyasının gücləndirilməsi əsas prioritetlərdən biridir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də
xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini
artırmaq və diplomatik səyləri birləşdirməkdir.
Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin
sənədi deyil, həm də regionun gələcək təhlükəsizlik və əməkdaşlıq
arxitekturasına təsir edən strateji sənəddir. Bəyannamə Cənubi Qafqazda sülhün,
sabitliyin və inkişafın təmin olunmasına yönəlmiş mühüm siyasi mesaj kimi
qiymətləndirilir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə
əks olunması tarixi nailiyyətdir.
Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi
sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.
Beləliklə, Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında
siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hüquqi əsaslarını
daha da möhkəmləndirmiş, münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik
səviyyəsinə yüksəltmişdir. Bəyannamə həm Azərbaycan-Türkiyə qardaşlığının
rəmzi, həm də regionun gələcək inkişafına istiqamət verən mühüm siyasi-hüquqi
sənəd kimi tarixə daxil olmuşdur.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı