- “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş günü münasibəti ilə YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısın birinci müavini Hüseyn
Əfəndiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Yeni
Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, Partiyanın "qızıl
fondu", məşhur “91-lər”dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası
Veteranlar şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli
Məclisinin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov, Azərbaycan
Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur Allahverdiyev,
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Bakı Biznes
Universitetinin rektoru İbad Abbasov, Yasamal bələdiyyəsinin sədr müavini Fuad
Mirələmov, Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyev, YAP
Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları,
ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, Azərbaycan Texniki
Universitetinin professor-müəllim heyəti və tələbə kontingenti iştirak edib.
Tədbirdən öncə Universitetin inzibati binasında müasir
müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi dərin ehtiramla yad
edilib, bütün önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar olaraq
videoçarx nümayiş olunub.
Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru
Vilayət Vəliyev bildirib ki, Azərbaycan tarixində elə günlər var ki, onlar
yalnız təqvimdə yox, xalqın yaddaşında, taleyində mühüm dönüş nöqtəsinə
çevrilib. 15 İyun – Milli Qurtuluş Günü belə günlərdəndir. Bu tarixdə yalnız
siyasi bir dəyişiklik baş vermədi, həm də dövlətin süqutdan xilas olunması,
milli ruhun, azərbaycançılığın dirçəlişi baş verdi. 1993-cü il iyunun 15-də Ulu
Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetin sədri seçilməsi xalqın
iradəsinin təcəssümü, milli yaddaşın siyasi qələbəsi idi. Həmin gün
Azərbaycanın yeni tarixinin başlanğıcı oldu. Milli Qurtuluş Günü həm də
ideoloji təmizlənmənin başlanğıcı idi. Azərbaycançılıq, milli dövlətçilik və
xalq-dövlət birliyi dövlət siyasətinin əsas dayağına çevrildi. Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasına və qəbuluna
birbaşa rəhbərlik etmişdir. Onun təşəbbüsü və siyasi iradəsi ilə 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə Konstitusiya qəbul olunmuşdur. Bu sənəd Azərbaycan
dövlətçiliyinin hüquqi əsaslarını müəyyən etmiş və demokratik inkişafın əsasını
qoymuşdur. Ümummilli Liderin uzaqgörənliyi sayəsində Konstitusiya insan hüquq
və azadlıqlarının təminatçısı kimi formalaşmışdır.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən Zəfər siyasəti, Qarabağın azad olunması və ölkənin
güclənməsi, məhz 15 iyun təməlində formalaşan milli liderlik məktəbinin məntiqi
nəticəsidir. 15 iyun bizi təkcə keçmişə bağlamır, o, gələcəyə aparan yolun
başlanğıcıdır. Bu günün dərsi odur ki, liderlik, siyasi uzaqgörənlik və xalqla
birgə yol yalnız uğura aparır. Milli Qurtuluş – Azərbaycanın ikinci dəfə
doğulduğu gündür. Bu gün dövlətçilik təfəkkürünün, ideoloji sabitliyin və tarixi
məsuliyyətin simvoludur. Vilayət Vəliyev çıxışının sonunda 15 iyun-Milli
Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri
Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illəri
əhatə edən birinci hakimiyyət dövrü Azərbaycanda güclü sənaye, kənd təsərrüfatı
və milli kadr potensialı yaratmaqla gələcək müstəqilliyin iqtisadi və
intellektual təməlini qoymuşdur. Həmin illərdə formalaşdırılan nəhəng
infrastruktur və milli özünüdərk dalğası dövlətimizin sonrakı illərdə
qarşılaşdığı çətin sınaqlardan uğurla keçməsinə zəmin yaratdı. XX əsrin 90-cı
illərinin əvəvlində ölkəmiz dərin böhran vəziyyəti ilə qarşı qarşıya qalmışdı.
Ölkənin dərin siyasi və iqtisadi böhran yaşadığı 1992-ci ildə isə Ümummilli
Liderin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi xalqın xilas
və intibah arzularının real təzahürünə çevrildi. Yeni Azərbaycan Partiyası dahi
şəxsiyyətin uzaqgörən strateji zəkası sayəsində qısa zamanda pərakəndə siyasi
mühiti birləşdirərək milli maraqlara və demokratik prinsiplərə əsaslanan
mütərəqqi siyasi sistemin arxitekturasını formalaşdırdı.Bildirilib ki, 1993-cü
il iyunun 15-i Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla, dövlətçiliyimizin
xilas və inkişaf yolunun başlanğıcı kimi qəbul edilir. Məhz həmin gün xalqın
təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı
Azərbaycanın parçalanmaqdan, vətəndaş müharibəsindən və xaosdan xilasını təmin
etdi. Bu gün, həm də Azərbaycançılıq ideologiyasının siyasi səhnəyə tam
qayıdışı və dövlət quruculuğu mərhələsinin başlanğıcı kimi
dəyərləndirilməlidir. 1991-ci ildən 1993-cü ilin iyun ayınadək olan dövrdə
siyasi böhran, səriştəsiz rəhbərlik və separatçı meyillər dövlətçiliyimizi
uçuruma aparırdı. Ermənistanla müharibənin acı nəticələri və daxili çəkişmələr
fonunda xalq yeganə nicat yolunu müdrik Ümummilli Lider Heydər Əliyevdə gördü. 15
iyun məhz xalq iradəsinin dövlət iradəsi ilə vəhdətə çevrildiyi tarixi gündür.
Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə hüquqi dövlət
quruculuğu, ordu və təhlükəsizlik sisteminin formalaşdırılması, xarici
siyasətdə balanslı kurs və ən əsası, milli birliyin təmin olunması
istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu günün nəticəsi olaraq, Azərbaycan
siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz qazandı. 15 iyun ideoloji
baxımdan həm də milli kimliyin və suverenliyin təntənəsidir. Bu tarixdə siyasi
liderliklə xalq birliyi öz real gücünü nümayiş etdirdi. Əgər bu dönüş baş
verməsəydi, bu günki müstəqil və güclü Azərbaycan gerçəkləşməyə bilərdi. Bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan strateji xətt də məhz 15 iyunun
ideoloji bünövrəsi üzərində inşa olunub. Qarabağın azadlığı, Zəfər yolu və
böyük qayıdış siyasəti, milli qurtuluş ruhunun real təcəssümüdür. Bu tarixi
Zəfərin məntiqi davamı olaraq bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış
proqramı çərçivəsində müasir infrastruktur layihələri, "ağıllı" şəhər
və kəndlər salınır. Azad edilmiş ərazilərin intibahında və Böyük Qayıdışın
uğurla icrasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu müstəsna və tarixi rol oynayır. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə dağıdılmış tarixi, dini və mədəni abidələrimiz sürətlə
bərpa olunur, soydaşlarımızın doğma yurdlarına inteqrasiyası üçün humanitar
körpülər salınır. Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində
icra olunan layihələr azad olunmuş torpaqlara milli ruhun və tarixi yaddaşın
yenidən qayıtmasını təmin edir. Qeyd olunub ki, Milli Qurtuluş Günü həm də
azərbaycançılıq ideyasının, milli iradənin və strateji dövlət idarəçiliyinin
təntənəsidir. Bu gün hər bir vətəndaş üçün siyasi yaddaş və ideoloji dirçəliş
günüdür. Çıxışın sonunda Bəxtiyar Nəbiyev 15 iyun-Milli Qurtuluş Günü
münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısın birinci
müavini Hüseyn Əfəndiyev çıxışında tariximizə Milli Qurtuluş Günü kimi qızıl
hərflərlə daxil olmuş 15 iyun tarixinin sadəcə təqvimlərdə qeyd olunan sıradan
bir bayram günü olmadığını xüsusi vurğulamışdır. Bu müqəddəs tarixin
Azərbaycanın dövlətçilik xronikasında əvəzsiz və fundamental bir ictimai,
siyasi, həmçinin dərin tarixi əhəmiyyətə malik milli rəmz olduğunu diqqətə
çatdırmışdır. Doğma Vətənini, öz canından əziz tutduğu xalqını sonsuz
məhəbbətlə sevən, müstəqilliyimizin ilk illərindəki o çətin, ağrılı və xaotik
günlərin dəhşətlərini şəxsən yaşayan, baş verən qanlı hadisələri öz gözləri ilə
görən hər bir vətəndaş üçün 15 iyun əsl qurtuluş, yenidən doğuluş və ölkəmizdə
gedən ölüm-dirim mübarizəsinin rəsmi qələbə tarixidir. Bu böyük tarixi və
unudulmaz epoxanı yaradan, canından artıq sevdiyi millətini uçurumun kənarından
xilas edən qüdrətli şəxsiyyət isə yenə də Azərbaycanın hərtərəfli inkişafında,
sarsılmaz müstəqilliyində və işıqlı gələcəyində müstəsna, həlledici rol oynayan
dahi insandır. O lider ki, fəaliyyəti boyu daim öz doğma xalqına arxalanmış,
xalqın tükənməz sevgisindən güc almış və özü də varlığı ilə bu xalqa hər zaman
sarsılmaz arxa, dayaq olmuşdur – Ümummilli Lider Heydər Əliyevdir! Məhz Onun siyasi
hakimiyyətə qayıdışı ilə Azərbaycanın ali milli maraqlarına tam cavab verən,
çevik və qətiyyətli daxili və xarici siyasət kursu konseptual şəkildə
formalaşdırıldı. Eyni zamanda, ölkədə qüdrətli və nizam-intizamlı ordu
quruculuğunun, fundamental hüquqi islahatların və genişmiqyaslı iqtisadi
inkişafın sarsılmaz fundamental bünövrəsi qoyuldu. 15 iyun gələcəyə işıq salan
möhtəşəm bir yaşam fəlsəfəsidir – bu gün dövlətə olan sarsılmaz inamın və
sarsılmaz xalq-iqtidar birliyinin ən bariz simvoludur. Bu gün müasir, qüdrətli
və müstəqil Azərbaycanın qazandığı bütün qlobal uğurlarda həmin dahi liderlik
məktəbinin silinməz izləri birmənalı olaraq aydın görünməkdədir. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi bu dahi və
uzaqgörən siyasi kursu hər bir sahədə böyük uğurla, qətiyyətlə davam etdirir.
Şübhəsiz ki, Ulu Öndər ideyalarından qaynaqlanan bu müqəddəs yol şanlı
tariximizə qızıl hərflərlə yazılan, ərazi bütövlüyümüzü və suverenliyimizi tam
bərpa edən Tarixi Zəfərlərimizin əldə olunması ilə bu gün daha da aydınlanmış,
dövlətimizi zirvələrə yüksəltmişdir.
Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü,
Partiyanın "qızıl fondu", məşhur “91-lər”dən Şahlar Əsgərov, Yeni
Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Azərbaycan
Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı və Göydəniz
Qəhrəmanov çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövlətini dünya dövlətləri
arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən,
respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin
siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını
möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Xalqın
təkidli tələbi ilə hakimiyyətə gələn, qayıdışı ilə böyük nailiyyətləri
Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad
göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 15 iyun 1993-cü il tarixində
baş verən tarixi hadisə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Azərbaycanın bugünkü
və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu
qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin
daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla
çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Müasir dövrdə
Azərbaycanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük
nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan regionun lider dövlətinə
çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Müstəqilliyimizi böyük
təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham
Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan
tarixi Zəfərlər bunu bir daha təsdiq edir. 1993-cü ildən bəri keçən tarix onu
göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın ən düzgün
strategiyasını Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib, Prezident İlham Əliyev
isə onu uğurla həyata keçirir. Çıxışların sonunda natiqlər tədbir
iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edib.
Çıxışlardan sonra fəxri fərmanlar və hədiyyələr, Yeni
Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim
edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir Azərbaycan Texniki Universitetinin təqdimatında
bədii hissə ilə davam edib.