“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, ərazi partiya təşkilatının üzvləri, Universitetin professor-müəllim heyəti və tələbə kontingenti iştirak edib.
Tədbirdən
öncə Universitet ərazisində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi
ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İştirakçıları
salamlayaraq tədbiri açıq elan edən Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, Ulu
Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində xalqımızın
milli özünüdərkini gücləndirərək müasir Azərbaycan dövlətçiliyinin sarsılmaz təməlini
qoymuşdur. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin birinci rəhbərlik dövründə
formalaşan güclü sənaye və milli kadr bazası gələcək suverenliyimizin bünövrəsini
təşkil etdi. Yaradılan nəhəng potensial və güclü milli özünüdərk hissi
xalqımızı tarixin sonrakı sərt imtahanlarından uğurla keçirdi. Müstəqilliyin
ilk illərində, xüsusən 90-cı illərin əvvəlində Azərbaycan çox ağır və amansız
bir böhran yaşayırdı. Ölkənin uçuruma getdiyi 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının təsis olunması xalqın gələcəyə olan inamını yenidən bərpa etdi.
Ulu Öndər daxili siyasi dağınıqlığı aradan qaldıraraq milli maraqlara söykənən
demokratik idarəçilik modelini qurdu. 1993-cü ilin 15 iyun günü xalqımızın çoxəsrlik
tarixində milli qurtuluşun başlanğıcı kimi xüsusi yer tutur. Dahi şəxsiyyətin
idarəçiliyə yenidən qayıtması respublikanı parçalanmaq təhlükəsindən və daxili
didişmələrdən tamamilə xilas etdi. Bu tarixi addım balanslı xarici siyasətin,
nizami ordunun və sarsılmaz milli birliyin bərqərar olmasını təmin etdi. Heydər
Əliyev dühasının qurduğu bu ideoloji bünövrə bu gün dövlət başçısı İlham Əliyev
tərəfindən qətiyyətlə yaşadılır. Qazanılan şanlı Qarabağ Zəfəri və doğma
torpaqlara Böyük Qayıdış proqramı həmin qurtuluş fəlsəfəsinin məntiqi nəticəsidir.
Azad edilən ərazilərdə tarixi, mədəni və dini irsimizin sürətlə bərpası işində
Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Mehriban xanım Əliyevanın xüsusi
diqqəti sayəsində reallaşan layihələr qədim yurd yerlərimizə milli ruhu və
tarixi yaddaşı qaytarır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanı geridə qalmış bir respublikadan güclü sənayeyə, zəngin kadr potensialına və beynəlxalq nüfuza malik qüdrətli bir dövlətə çevirmişdir. Onun dühası tərəfindən irəli sürülən azərbaycançılıq məfkurəsi xalqımızın milli kimliyini qorumaqla yanaşı, bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımızın və bərpa olunan suverenliyimizin ideoloji bünövrəsi oldu. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti ölkəmizin gələcək müstəqilliyinin iqtisadi və intellektual təməlini qoydu. Həmin dövrdə yaradılan güclü infrastruktur və kadr potensialı dövlətimizi sonrakı böyük sınaqlardan uğurla çıxardı. 1990-cı illərin əvvəllərində respublikamız dərin siyasi və iqtisadi böhran dalğası ilə üz-üzə qalmışdı. Belə bir çətin vaxtda, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın xilas ümidinə çevrildi. Dahi rəhbərin strateji zəkası sayəsində pərakəndə siyasi mühit birləşərək mütərəqqi dövlətçilik sistemini formalaşdırdı. 15 iyun 1993-cü il tarixi isə dövlətçiliyimizin xilas və inkişaf yolunun əsas dönüş nöqtəsidir. Ümummilli Liderin xalqın təkidli tələbi ilə qayıdışı ölkəni xaosdan və daxili müharibədən qorudu. Bu mühüm qayıdış həm də azərbaycançılıq ideologiyasının və hüquqi dövlət quruculuğunun başlanğıcı oldu. Müdrik rəhbərin uzaqgörən siyasəti Azərbaycana daxili sabitlik, iqtisadi tərəqqi və yüksək beynəlxalq nüfuz qazandırdı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan strateji kurs məhz bu möhkəm təməl üzərində ucalır. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada aparılan nəhəng quruculuq işləri milli qurtuluş ruhunun bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə azad olunmuş yurdlarımızın dirçəldilməsində müstəsna rol oynayır.
Çıxışlardan
sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 15 İyun-Milli
Qurtuluş Günü münasibəti ilə fəxri fərman təqdim edilib.
Tədbirin
sonunda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə videoçarx nümayiş edilib.