Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və inklüziv cəmiyyətin formalaşdırılmasında peşə-əmək reabilitasiya mərkəzinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsi üzrə Ombudsman yanında fəaliyyət göstərən monitorinq qrupunun fəaliyyəti barədə məlumat verib. O, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi, müyəssərliyin təmin edilməsi, habelə inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində Ombudsman təsisatı tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.
Bildirilib ki, əlilliyi olan şəxslərin təhsil, məşğulluq, səhiyyə, nəqliyyat, mədəniyyət və digər sahələrdə bərabər, maneəsiz və səmərəli iştirakının təmin olunması məqsədilə Bakı şəhərində ictimai məkanların, piyada keçidlərinin, nəqliyyat və informasiya infrastrukturunun müyəssərlik vəziyyəti Ombudsmanın monitorinq qrupu tərəfindən qiymətləndirilir.
Tədbir çərçivəsində benefisiarların uğur hekayələri dinlənilib, onların peşə bacarıqlarının inkişafında və cəmiyyətə inteqrasiyasında reabilitasiya xidmətlərinin mühüm rolu vurğulanıb. Eyni zamanda, iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilib.
Tədbirin sonunda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların müstəqil həyat imkanlarının genişləndirilməsi və inklüziv cəmiyyətin inkişafı istiqamətində birgə əməkdaşlığın əhəmiyyəti bir daha qeyd olunub.