İyunun 18-də Azərbaycan Dillər
Universitetində Kolumbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramilyo qonaq olub.
ADU-nun rektoru, akademik Kamal
Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu
bildirib. Görüş zamanı Kamal Abdulla Azərbaycan və Kolumbiya arasında mövcud
olan dostluq münasibətlərinin inkişafından söz açıb, təhsil və mədəniyyət
sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Rektor Azərbaycan Dillər
Universitetinin beynəlxalq əlaqələrinin daim genişləndiyini qeyd edərək,
Kolumbiyanın ali təhsil müəssisələri ilə mümkün əməkdaşlıq perspektivləri
barədə fikirlərini bölüşüb. Söhbət əsnasında akademik Kamal Abdulla
Kolumbiyanın ölkəmizdəki səfiri Nelsi Rakel Munar Xaramilyonu Azərbaycan Dillər
Universitetində həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət
edib.
Rektor layihənin tələbələrin müxtəlif
ölkələrin diplomatik nümayəndələri ilə birbaşa ünsiyyət qurmasına və beynəlxalq
münasibətlər sahəsində biliklərinin zənginləşməsinə mühüm töhfə verdiyini qeyd
edib.
Səmimi qarşılanmaya və göstərilən
qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir Azərbaycan Dillər
Universitetinin beynəlxalq əlaqələrini yüksək qiymətləndirib. Səfir Azərbaycan
ilə Kolumbiya arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf
etdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçiriləcək
birgə layihələrin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət
edəcəyini bildirib.
Səfir, həmçinin, ADU ilə Kolumbiyanın
ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərindən söz açıb.