Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində sənədsiz evlər üçün amnistiya elan edilməsi, bununla bağlı xüsusi proqram qəbul olunması və bu məsələnin mərhələli şəkildə həll edilməsi məqsədəuyğundur.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
"Azərbaycanda təxminən 500 min sənədsiz ev var. Həmin evlərdə yaşayan şəxslər ora qeydiyyat" düşə, paralel olaraq dövlət xidmətlərinə çıxış əldə edə bilmirlər. Problemin həlli ilə bağlı sistemli və kompleks islahat lazımdır. Sənədsiz evlərlə bağlı dünya təcrübəsi var. Məsələn, Türkiyədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz evə dəyərinin 3 %-i qədər ilkin rüsum ödənilməklə çıxarış alındı. Biz də oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və elektrik xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda inşa edilmiş sənədsiz evlər istisna olmaqla qalan evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat əlavə və davamlı dəyər qata bilər", - deyə o qeyd edib.