Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) və Səhiyyə Nazirliyinın birgə tərəfdaşlığı
çərçivəsində “Sağlam gələcək” sosial layihəsinə start verilib.
Manset.az xəbər verir ki, layihə qadınların
reproduktiv sağlamlığının qorunmasına dəstək verilməsini, profilaktik müayinələrin
əhəmiyyəti barədə məlumatlılığın artırılmasını və sağlam həyat tərzinin təşviqi
istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.
Layihə çərçivəsində
AHİK-in və üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar
İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə “Qadın sağlamlığı və
reproduktiv rifah” mövzusunda ilk tədbir təşkil olunub.
Tədbirdə dövlət
qurumlarının və ictimai təşkilatların nümayəndələri, səhiyyə sahəsi üzrə
ekspertlər, AHİK-in və üzv təşkilatlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan AHİK sədrinin müavini Musa Mirzəyev Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin həyat keyfiyyətinin
yüksəldilməsi və sağlam ailə modelinin formalaşdırılması istiqamətində həyata
keçirilən ardıcıl tədbirlərdən bəhs edib, Birinci vitse-prezident hörmətli
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial-humanitar layihələrin
ana və uşaq sağlamlığının qorunmasına, insan kapitalının inkişafına mühüm töhfələr
verdiyini vurğulayıb.
Qeyd olunub ki,
sağlam həyat tərzinin təşviqi AHİK-in fəaliyyətinin prioritet istiqamətlərindən
biridir. “Sağlam gələcək” layihəsi də məhz bu fəaliyyətin tərkib hissəsi
olmaqla qadınların sağlamlığına təsir göstərən risk amilləri barədə məlumatlılığın
artırılmasına, profilaktik tibbi müayinələrin təşviqinə və xəstəliklərin erkən
aşkarlanmasına xidmət edir.
Səhiyyə Nazirliyinin
şöbə müdiri Ramik Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Səbinə Babazadə
çıxış edərək qadın sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı,
sağlam ailə institutunun möhkəmləndirilməsi və demoqrafik sabitliyin təmin
olunması baxımından əhəmiyyətini diqqətə çatdırıblar.
Sonra tibbi ekspertlər
və mütəxəssislər tərəfindən “Süd vəzi sağlamlığı: hər bir qadının bilməli
olduğu vacib məqamlar”, “Qadın sağlamlığının qorunması: reproduktiv orqanlarda
olan patologiyaların profilaktikası və erkən diaqnostikası”, “Stresin
reproduktiv sağlamlığa təsiri”, “Reproduktiv sağlamlıq: seçim, həyat və
demoqrafik davamlılıq” mövzularında maarifləndirici təqdimatlar keçirilib.
Tədbir çərçivəsində
mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.