Dünən AŞPA tribunasından Frank Şvabe tərəfindən ölkəmizə qarşı növbəti dəfə səslənən yalanlar və əsassız ittihamlar bir daha təsdiqlədi ki, Azərbaycana qarşı onun fəaliyyəti siyasi sifarişdən və kök salmış düşmənçilikdən başqa bir şey deyil.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının büro üzvü, komitə sədri Azay Quliyev bildirib.
O, Almaniya Bundestaqının üzvü və AŞPA-dakı təmsilçisi Frank Şvabenin gerçək sifətini ifşa edən faktları açıqlayıb:
"İyunun 24-də Parlament tribunasından sui-istifadə edən bu adam faktları məqsədli şəkildə təhrif etdi, Əli Kərimliyə guya işgəncə verilməsi kimi əsassız məlumat yayaraq ictimai rəyi aldatmağa və manipulə etməyə çalışdı. Yaxşı ki, AŞPA-da Ukraynadan olan Aleksey Qonçarenko və Tamila Taşeva kimi obyektiv və vicdanlı deputatlar var idi və onlar Şvabe kimilərinə tutarlı cavab verdilər.
Bu, həmin AŞPA-dır ki, 2001-ci ildə Ermənistanı üzvlüyə qəbul edəndən bəri bir dəfə də olsun işğalçı ölkənin nümayəndə heyətinin mandatını sual altına almayıb. Necə ola bilər ki, bir üzv ölkə tərəfindən digər üzv ölkənin ərazisinin işğal edilməsi, bir milyon insanın elementar hüquqlarının 30 ildən çox müddətdə kobud şəkildə pozulması faktı insan haqlarından, qanunun aliliyindən və beynəlxalq hüquqdan dəm vuran AŞPA və Şvabe kimilərini heç vaxt narahat etmədi?
Əksinə, 2023-cü ilin sentyabrında Qarabağda separatizmə və qondarma rejimə son qoyduğumuza, Ermənistanın işğalının qalıqlarını aradan qaldırıb, Xankəndidə və bütövlükdə Qarabağda konstitusion yurisdiksiyamızı və suverenliyimizi tam bərpa etdiyimizə görə, AŞPA dərhal hərəkətə keçdi, nümayəndə heyətimizin mandatını təsdiq etməkdən imtina etdi”. Deputatın sözlərinə görə, bununla da, AŞPA sübut etdi ki, onun üçün beynəlxalq hüquq və qanunun aliliyi kimi bir dəyər yalnız alətdir və bu dəyərləri istəsələr heçə saya, istəsələr də istənilən ölkəyə təzyiq vasitəsi kimi istifadə edə bilərlər”.
A.Quliyev bu məqamda Şvabe ilə bağlı özünün şahidi olduğu bir rəzilliyi ictimaiyyətə açıqlamaq istədiyini bildirdi ki, onun əsl siması bir daha hamıya aydın olsun:
“Bildiyiniz kimi, 2024-cü ilin 7 fevralında Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Prezident seçkiləri ölkənin bütün suveren ərazisində keçirildi. Həmin vaxt ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlik etdiyi üçün haqlı olaraq AŞPA seçkini müşahidə etməyə dəvət olunmamışdı.
Lakin Azərbaycanın dəvətilə seçkiləri müşahidə etməyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası geniş tərkibli müşahidə missiyası göndərmişdi. ATƏT-in dönəm sədri tərəfindən Seçki Müşahidə missiyasına rəhbərlik Almaniyadan olan deputat, ATƏT PA-nın Vitse-prezidenti və Şvabe ilə eyni siyasi partiyadan olan həmkarı xanım Daniela De Ridderə həvalə edilmişdi. Təssəvvür edin, Frank Şvabe siyasi əxlaqa və etikaya zidd olaraq öz partiya yoldaşına həmin missiyada iştirak etməməsi üçün ciddi təzyiq göstərməyə başladı, hətta onu şantaj etməyə çalışdı. Bununla kifayətlənməyərək, o, hətta ATƏT-in seçki müşahidə missiyasının bütün üzvlərini - səhv etmirəmsə, uzun və qısa müddətli missiyada 400 nəfərdən çox üzv var idi - şantaj etməyə və onlara böhtan atmağa başladı. Dəfələrlə AŞPA təmsilçiləri ATƏT PA-ilə onlayn görüş keçirib Azərbaycanda keçirilən seçkiləri müşahidə etməməyə inandırmağa və özünün düşdüyü bataqlığa ATƏT- də çəkməyə cəhd etdi”.
A.Quliyev bildirib ki, bunları etməkdə əsas məqsədləri isə bizim Zəfərimizə və bu Zəfərdən doğan qələbə seçkiimizə kölgə salmaq idi:
“Lakin bu iyrənc plan baş tutmadı və onlar heç nəyə nail ola bilmədilər. Əksinə, ATƏT-in xüsusi missiyasının rəhbəri Daniela de-Ridder öz vəzifəsini sona qədər icra etdi, seçkilərin əsl qələbə seçkisi olduğunu bildirdi, hətta, ATƏT PA-nın heyətinə rəhbərlik edən Artur Gerasimov yenicə azad edilmiş Xankəndiyə getdi və seçkidən sonra keçirilən mətbuat konfransında ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə Azərbaycanı təbrik etdi. Bu məsələni indi ona görə açıqlayıram ki, xalqımız və cəmiyyətimiz bilsin ki, ölkəmizə qarşı sifarişlə kampaniya aparan Şvabe və onun kimilərinin əsl mahiyyətini bir daha tanısınlar. İndi belə bir təşkilata və onun qəbul etdiyi qərəzli qətnamələrə siz özünüz qiymət verin. Və ya AŞPA-dan və onun aşınmış dəyərlərinin simvoluna çevrilən Şvabedən başqa nə gözləmək olar?”.