ATƏT Parlament Assambleyasının Haaqada keçirilən 33-cü İllik Sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Assambleyanın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinin beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu bəyan edib.
Manset.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, rəqəmsal texnologiyalar təhsil, ünsiyyət və innovasiya sahəsində geniş imkanlar yaratsa da, uşaqları kibertəzyiq, zərərli məzmun, onlayn istismar və asılılıq yaradan alqoritmlər kimi ciddi təhlükələrlə də üz-üzə qoyur. Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə qorunması yalnız texnoloji məsələ deyil, hökumətlərin, parlamentlərin, valideynlərin və rəqəmsal platformaların ortaq məsuliyyətidir.
Deputat qeyd edib ki, Azərbaycan bu sahədə qanunvericilik bazasını daha da təkmilləşdirərək 16 yaşınadək uşaqların rəqəmsal təhlükəsizliyinin və onlayn müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm dəyişikliklər edib. Yeni yanaşma sosial media platformalarında yaşın təsdiqi mexanizmlərinin gücləndirilməsini, uşaqların şəxsi məlumatlarının daha etibarlı qorunmasını, valideyn nəzarətinin genişləndirilməsini və rəqəmsal savadlılığın artırılmasını nəzərdə tutur.
Azay Quliyev vurğulayıb ki, Böyük Britaniya, Fransa, Yunanıstan, Norveç və İspaniya da uşaqların onlayn təhlükəsizliyinin gücləndirilməsi istiqamətində oxşar qanunvericilik və siyasət təşəbbüsləri həyata keçirirlər.
Çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri süni intellektin idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Federica Onori tərəfindən təqdim edilmiş əlavə gündəlik məsələsini də dəstəklədiyini bildirib. O qeyd edib ki, süni intellektin təhlükəsiz, etik və məsuliyyətli şəkildə inkişafı beynəlxalq əməkdaşlığın gücləndirilməsini tələb edir və bu prosesdə uşaqların rəqəmsal mühitdə qorunması əsas prioritetlərdən biri olmalıdır.
Azay Quliyev sonda bildirib ki, ATƏT Parlament Assambleyası qabaqcıl qanunvericilik təcrübəsinin paylaşılması və üzv dövlətlər arasında əməkdaşlığın təşviqi yolu ilə gələcək nəsillər üçün daha təhlükəsiz və etibarlı rəqəmsal mühitin formalaşdırılmasına mühüm töhfə verə bilər.