Bu gün dövlətlərin gücü artıq yalnız hərbi, iqtisadi potensialı, enerji resursları və ya coğrafi mövqeyi ilə ölçülmür. XXI əsrin əsas üstünlüyü rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində əldə olunan nailiyyətlərlə müəyyən edilir. Məhz buna görə də hazırda rəqəmsallaşma və süni intellekt texnologiyalarının inkişafı qlobal güclər arasında əsas rəqabət predmetinə, geoiqtisadi və geosiyasi üstünlüyün əldə edilməsinin mühüm alətinə çevrilib.
Artıq supergüclər təkcə beynəlxalq nəqliyyat və tranzit marşrutlarına, enerji resurslarına və nadir minerallara nəzarət uğrunda deyil, eyni zamanda süni intellekt texnologiyalarında liderlik uğrunda da amansız mübarizə aparırlar. Yeni dövrün əsas sərvəti məlumat, texnologiya və intellekt hesab olunduğundan bu sahəyə hər il trilyonlarla dollar həcmində investisiyalar yatırılır.
Azərbaycan da bu qlobal transformasiyanın mahiyyətini vaxtında və düzgün qiymətləndirən ölkələr sırasındadır. Prezident İlham Əliyevin bu ilin fevral ayında qəbul etdiyi qərarla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması məhz bu baxımdan strateji və uzaqgörən addımdır.
Şuranın yaradılması təsadüfi qərar deyil. Son illərin təcrübəsi göstərdi ki, bu sahənin vahid strateji mərkəzdən idarə olunmasına, dövlət siyasətinin əlaqələndirilməsinə və bütün resursların ümumi məqsədlər ətrafında səfərbər edilməsinə ciddi ehtiyac var. Çünki qlobal texnoloji rəqabətin sürətlə artdığı indiki şəraitdə ölkəmizin rəqəmsal təhlükəsizliyinin və rəqəmsal suverenliyinin təmin olunması yalnız sistemli və mərkəzləşdirilmiş idarəetmə modeli ilə mümkündür.
Əlbəttə, belə genişmiqyaslı islahatların uğuru təkcə qəbul edilən qərarlardan deyil, həm də həmin prosesə rəhbərlik edən şəxsin siyasi nüfuzundan, idarəçilik təcrübəsindən və təşkilatçılıq bacarığından asılıdır. Məhz buna görə də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanı Rəqəmsal İnkişaf Şurasının sədri təyin etməsi xüsusi əhəmiyyət daşıyır.
Mehriban xanım Əliyeva uzun illər ərzində ona etibar edilmiş bütün dövlət və ictimai vəzifələrdə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan strateji məqsədlərin uğurla həyata keçirilməsini təmin edib. Onun rəhbərliyi altında reallaşdırılmış layihələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Məhz buna görə rəqəmsal inkişaf kimi Azərbaycanın gələcəyini müəyyən edən strateji istiqamətin hörmətli Mehriban xanıma həvalə edilməsi tamamilə məntiqi və əsaslandırılmış qərardır.
Şuranın fəaliyyətə başlamasından cəmi beş ay keçməsinə baxmayaraq, artıq ilkin nəticələr göz önündədir.
İlk növbədə onu vurğulamaq lazımdır ki, cənab Prezidentin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin rəqəmsal gələcəyinin yol xəritəsi kimi mühüm əhəmiyyətə malikdir. Sənəddə dövlət idarəçiliyinin optimallaşdırılması, iqtisadiyyatın rəqəmsal transformasiyası, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, innovasiya ekosisteminin inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizliyin gücləndirilməsi kimi strateji hədəflər müəyyən edilib.
29 iyun 2026-cı il tarixində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da bu istiqamətdə həyata keçirilən işlərin sistemli xarakter aldığını göstərdi. İclas zamanı dövlət qurumları üzrə yol xəritələrinin hazırlanması, “Milli Məlumat Hövzəsi”nin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna köçürülməsi, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi, kibertəhlükəsizlik infrastrukturunun inkişafı, təhsil sisteminin rəqəmsallaşdırılması, "Rəqəmsal məktəb" layihəsinin icrası və qanunvericilik bazasının təkmilləşdirilməsi kimi mühüm məsələlər geniş müzakirə olundu. Yaxın vaxtlarda "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" xidmətlərinin tam şəkildə "mygov" platformasında birləşdirilməsi də dövlət xidmətlərinin daha əlçatan və operativ olmasına xidmət edəcəkdir.
Artıq, əldə olunan nəticələr bu siyasətin uğurunu nümayiş etdirir. Son üç ay ərzində "mygov" platformasının istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksələrək təxminən 30 faiz artıb. Bu, rəqəmsal dövlət xidmətlərinə ictimai etimadın artmasının və həyata keçirilən islahatların real nəticələrinin göstəricisidir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda sadəcə yeni proqramlar həyata keçirilmir, əslində, ölkəmizdə idarəetmənin yeni fəlsəfəsi formalaşır. Dövlət idarəçiliyində çeviklik, şəffaflıq, məlumat əsaslı qərar qəbuletmə, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi yeni inkişaf modelinin əsas sütunlarına çevrilir.
İnanırıq ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə yaradılmış Rəqəmsal İnkişaf Şurası və onun Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyəti Azərbaycanın rəqəmsal gələcəyini uğurla təmin edəcəkdir.
Məhz buna görə də tam əminliklə demək olar ki, ölkəmizdə rəqəmsal inkişafın yeni intibah dövrü başlayır. Bu intibah ölkəmizin iqtisadi qüdrətini artıracaq, dövlət idarəçiliyini daha müasir və səmərəli edəcək, milli təhlükəsizliyimizi və rəqəmsal suverenliyimizi daha da möhkəmləndirəcək, Azərbaycanın qlobal texnoloji rəqabətdə layiqli yerini tutmasını təmin edəcəkdir.
Azay Quliyev
Milli Məclisin deputatı